Əmlak Məsələləri Dövlət Komitəsi 22 noyabr tarixində keçirdiyi növbəti açıq hərracda 16 dövlət əmlakı özəlləşdirilib. Bunun 2-si istifadəsiz qeyri-yaşayış sahəsi, 12-si kiçik dövlət müəssisəsi, 2-si səhmdar cəmiyyəti olub. Hərrac nəticəsində dövlət büdcəsinə 2,1 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcəkdir.

Hərraca çıxarılan əmlaklar barədə elanlar və təfərrüatlı məlumatlar komitənin Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Əmlaka sifariş vermək istəyən vətəndaş portala daxil olaraq əmlak barədə foto, mətn və xəritə məlumatları ilə tanış ola və elektron sifarişini verə bilər. Hərraclar barədə elanlar, həmçinin komitənin mütəmadi yenilənən rəsmi internet səhifəsində və facebook hesabında da ictimaiyyətə açıqlanır. Bu informasiya resurslarını izləməklə hər həftə hərraca çıxarılan əmlaklarla rahat və çevik şəkildə tanış olmaq mümkündür.

Açıq və şəffaf şəraitdə keçirilmiş bu dəfəki hərracda vətəndaşlar və media nümayəndələri iştirak edərək hərracın gedişatını əyani izləyiblər.

Hərracda satılmış hər iki istifadəsiz qeyri-yaşayış sahəsi, həmçinin kiçik dövlət müəssisələrinin 7-si paytaxtda, qalanları isə Sumqayıt, Abşeron, Cəlilabad, Xızı və Oğuzda yerləşir.

Hərracda 2 iri müəssisə “Qarabağ Pambıq” və “Saatlı Pambıq” kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi ölkədə pambıqçılığın inkişafına böyük təkan verəcək. Qeyd edək ki, özəlləşdirilmiş müəssisələrə sonradan investisiyalar qoyulacaq, bu müəssisələr yenidən bərpa olunacaq və müasir standartlara uyğun fəaliyyət göstərməyə başlayacaq.

Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.

Növbəti  belə hərrac 29 noyabrda keçiriləcək və 98 dövlət əmlakı hərraca çıxarılıb. Bu tarixdə keçiriləcək hərracla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=867

Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür.