Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və bu prosesə yeni investorların cəlb edilməsi sahəsində mühüm addım atılıb. Ölkədə investisiya yatırımı baxımından cəlbedici dövlət müəsssələri özəlləşdirilməyə çıxırılıb.

Azərbaycan Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən Nazirlər Kabineti özəlləşdirilməyə açılan qeyri-profil dövlət müəssisəsi və obyektinin siyahısını təsdiqləyib. Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiqlənən siyahıya ümumilikdə 25 dövlət idarə və təşkilatının tabeliyində olan 137 dövlət əmlakı daxildir.

Eyni zamanda, bu əmlaklarla yanaşı, dövlət başçısının adıçəkilən Fərmanının 1.1.1-ci bəndi ilə müəyyən olunmuş siyahıya daxil olmayan və Fərmanın 4.2-ci bəndinə əsasən 215 dövlət müəssisə və obyekti də özəlləşdirilməyə açıq elan olunub. Bununla da, ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb. Bu müəssisələrin siyahısı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet resursu və privatization.az özəlləşdirmə portalında yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə bu dövlət müəssisəsi və obyektlərinin özəlləşdirilməsi üçün tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu tapşırıqların icrası ilə bağlı ilkin tədbirlər görülməkdədir. Belə ki, Komitə tərəfindən belə müəssisələrin restrukturizasiyası, inventarlaşdırılması, qiymətləndirilməsi və özəlləşməyə hazırlanması üzrə işlər başlanıb. Müasir yanaşmalara əsasən yeni üsulların tətbiqi ilə özəlləşdirmə prosesinin reallaşdırılması məqsədilə dünya təcrübəsi öyrənilir, bu sahədə qabaqcıl şirkətlərinin təcrübə və tövsiyələri nəzərə alınır.

Özəlləşməyə yeni açılan müəssisələrə müxtəlif dövlət qurumları və təşkilatlarının balansında olan istirahət zonaları, xəstəxanalar, ambulatoriyalar, poliklinikalar, zavodlar, qeyri-yaşayış sahələri, müxtəlif təyinatlı bina və obyektlər aiddir.

Qeyd edək ki, özəlləşdirilməyə açılan yeni qeyri-profil müəssisə və obyektlər sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası, Bakı Vaqon Təmiri Zavodu, Sumqayıt Sənaye Kombinatı, “Sərhədçi” İdman İstirahət Mərkəzi, Texniki Universitetin İdman Sarayı, Bakının Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq kompleksləri, Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, İmişlidə Bəhrəmtəpə Dəmir Beton Zavodu, Balakəndə “Qubek Otel”, Qusarda “Şahdağ” istirahət zonaları kimi investorlar üçün cəlbecidi dövlət əmlakları var.

Belə müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək. İlk növbədə, başlıca  məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması əslində belə sahələrə yeni böyükhəcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək.

Nəhayət, yeni müəssisələrin özəllədirilməsi bu əmlakların tabe olduğu iri dövlət müəssisələrinin (orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələr) restrukturizasiyası baxımından da əhəmiyyətli olacaqdır.

Bu isə dövlət büdcəsindən xərclərin azaldılması ilə yanaşı, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir.