Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı və regionlarda aktiv monitorinqlərin keçirilməsini davam etdirir. Bu monitorinqlər əsasən torpaqların təyinatına zidd istifadəsi, zəbt olunması, kateqoriyasının dəyişdirilməsi, boş və istifadəsiz saxlanması, münbit qatının korlanması, mühafizə zolaqlarında qanunsuz tikintilərlə bağlı olur. Başlıca məqsəd nəzarət tədbirləri vasitəsilə torpaq ehtiyatlarından səmərəli, qənaətli və təyinatına uyğun istifadəni, dövlətin və vətəndaşın torpaq mənafelərini təmin etməkdir.

Belə monitorinqlərin davamı kimi, 08 dekabrda komitənin torpaq müffətişləri tərəfindən Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşviqabad hissəsində monitorinqlər keçirilib. Monitorinq zamanı bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının və kateqoriyasının özbaşına dəyişdirilməsi faktı aşkarlanıb. Belə ki, belə torpaqlarda qanunsuz tikinti işlərinin aparılması və əlavə torpaq sahəsinin zəbt olunması halları müəyyən edilib.

Monitorinq zamanı aşkar olunmuş pozuntu halları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunub. Bu akt və protokollar pozuntuya yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim edilib.

Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib.

Komitənin indiyədək keçirdiyi belə monitorinqlər sayəsində istifadədən kənarda qalmış, eləcə də səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparılır.

Ümumilikdə, komitə tərəfindən keçirilən monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1000-dən çox hal üzrə inzibati xətaya yol verimiş fiziki, hüquqi və vəzifəli şəxslər barədə inzibati protokollar tərtib edilib. Bunlardan 900 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək  müvafiq  cərimələr tətbiq olunub. Aşkar edilmiş pozuntular əsasən kənd təsərrüfatı torpaqlarının təyinatının məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, süni balıq göllərinin salınması, daş karxanaların fəaliyyəti, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması ilə bağlı olub.

Bu tədbirlər nəticəsində respublikada torpaq sahələrinin istifadəsiz saxlanması, müxtəlif ərazilərdə, xüsusilə paytaxt rayonlarında özbaşına zəbtetmə, eləcə də mühafizə zolaqlarında tikintilərin aparılması halları aradan qaldırılır. Belə torpaqlarda təyinatına zidd olaraq və bəzən heç bir sənəd olmadan müxtəlif məqsədli tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır.  İstifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması istiqamətində də proses davam etdirilir. İndiyə kimi komitənin səyləri nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələri dövlət mülkiyyətinə qaytarılıb yenidən təyinatına uyğun istifadəyə verilməsi ilə belə torpaqların ümumi həcmi artıb.

Nəticə etibarilə dövlət və vətəndaş mənafeyi baxımından torpaqdan düzgün istifadə büdcəyə daxilolmaların artmasına gətirib çıxarır. Eyni zamanda, torpaqdan qanunauyğun şəkildə gəlir məqsədilə istifadə respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində fermerlərin, torpaq sahibləri və istifadəçilərinin sosial rifahına da müsbət təsir göstərir və məşğulluq səviyyəsini artırır.

Komitə tərəfindən qarşıdakı dövrdə də torpaqlardan qeyri-qanuni və səmərəsiz istifadəsi ilə bağlı monitorinqlər davam etdiriləcək. Bu sahədə baş vermiş qanun pozuntularına qarşı hüquqi müstəvidə sərt tədbirlərin görülməsi təmin ediləcəkdir.