Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, bu sahədə sosiallığın və vətəndaş məmnuniyyətinin artırılması üzrə davamlı olaraq tədbirlər keçirir. Bu sahədə mühüm sosial layihələrdən biri paytaxt və regionlarda Komitənin qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdıran «Kütləvi çıxarış» kampaniyasıdır.

Komitə bu dəfə «Kütləvi çıxarış» kampaniyasını dekabrın 29-da Mingəçevir şəhərində keçirib. Kampaniya çərçivəsində şəhərdə yerləşən çoxmərtəbəli binanın bütün mənzilləri yerindəcə sənədləşdirilib. Belə ki, binanın həyətində 110 mənzil sahibinə hazır çıxarışlar təqdim edilib. Xatırladaq ki, xidmətlərin vətəndaşlara çatdırılması ödənişli deyil, çünki bu sosial kampaniyadır, yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının ödənilməsi kifayət edir. Qeyd edilməlidir ki, yalnız istismara qəbul aktı olan binaların mənzillərinə belə çıxarışlar verilir. Sadələşdirilmiş və rahat qeydiyyat bina sakinlərinə öz əmlakları üzərində qanuni sahiblik imkanı verir. Nəticədə leqal əmlak dövriyəsinə qoşulan əmlaklarla istənilən əməliyyat aparmaq mümkün olur. Bütün bunlar isə əmlak bazarında canlanmanı və fəallığı təmin edir.

«Kütləvi çıxarış» kampaniyası çərçivəsində şəhər mərkəzlərindən tutmuş ucqar kəndlərədək müxtəlif yaşayış məntəqələrində, birbaşa ünvanlarda əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər vətəndaşlardan toplanır. Belə sənədlərə aktlar, şəhadətnamələr, qeydiyyat vərəqələri, kolxoz və sovxoz əmrləri, sovet dövründə verilmiş müxtəlif tipli mülkiyyət sənədləri və texniki pasportlar aiddir. Kampaniya zamanı vətəndaşlara məxsus fərdi yaşayış evləri, pay torpağı, mənzillər, həyətyanı torpaq sahələrinə dair hazır çıxarışlar təqdim olunur. Sadalanan xüsusiyyətlərə görə, «Kütləvi çıxarış» kampaniyası ölkə vətəndaşları tərəfindən razılıqla qarşılanır. Çünki vətəndaş heç bir idarəyə getmədən, əlavə vaxt sərf etmədən öz binasının və ya evinin həyətində çıxarış əldə edir.

Vurğulanmalıdır ki, 2016-cı il Komitənin ən çox belə kampaniyalar keçirdiyi il olub. Belə ki, il ərzində respublika üzrə 28 kampaniya keçirilib. Bunun 6-sı paytaxt rayonlarında, 22-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. İndiyədək regionlarda əsasən, mənzillər, həyət evləri və torpaq sahələrini  əhatə edən «Kütləvi çıxarış» kampaniyası hazırda paytaxtla yanaşı, regionlardakı yeni tikililəri də əhatə edib. 2016-cı ildə təkcə paytaxtda yeni inşa edilmiş 10-a yaxın hündürmərtəbəli binanın mənzilləri bu kampaniya çərçivəsində çıxarışla təmin olunub. Ümumilikdə, kampaniyanın start verildiyi gündən indiyədək 10 minə yaxın vətəndaş kampaniya iştirakçısı olaraq faydalana bilib. Eyni zamanda, ahıl, fiziki məhdudiyyətli insanlara belə xidmətlər birbaşa onların evlərində göstərilib.

Daşınmaz əmlak sahəsində ictimai maarifləndirməni təmin etmək üçün komitə belə sosial kampaniyalar zamanı intensiv hüquqi məsləhət xidmətləri də təqdim edir. Kampaniyaya müraciət edən hər bir vətəndaşa sənədləşdirmə ilə bağlı hüquqi yardım göstərilir, istiqamət verilir, proses izah olunur. Həmçinin belə təmənnasız hüquqi məsləhət xidmətləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hər bir ərazi idarəsində də göstərilir.

Sosialyönümlü digər tədbirlər sırasında da komitənin gündəlik olaraq həyata keçirdiyi mobil ofis xidmətləri də vurğulanmalıdır. Bu xidmətlər vasitəsilə hər gün komitənin ayrılmış xüsusi nəqliyyat vasitələri şəhər və rayonlarda, kənd və qəsəbələrdə ünvanlara baş çəkir, qeydiyyat xidmətlərini əhaliyə təqdim edir. Çıxarışların verilməsi ilə yanaşı, vətəndaşlara texniki sənədlərin tərtibi, çöl-ölçmə və digər mühəndis işləri, vətəndaşlarda olan ilkin mülkiyyət sənədlərinin qəbulu kimi xidmətlər göstərilir.

Komitənin sosial məmnunluq, rahatlıq və şəffaflıq istiqamətində gördüyü tədbirlər bununla bitmir. Komitənin il yarımdan çoxdur ki tətbiq etdiyi “bir pəncərə” prinsipi vətəndaşların əmlak qeydiyyatı işini maksimum yüngülləşdirib. Əmlakına çıxarış almaq istəyən kəs yalnız bir quruma - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir.

Kampaniyalar və əmlakın sənədləşdirilməsində yeniliklərlə yanaşı, komitənin 31 elektron, 2 onlayn və 3 SMS xidməti də vətəndaşların ixtiyarındadır. Hər bir vətəndaşın imkanı var ki, öz evindən və ya iş yerindən komitənin elektron xidmətlər portalı üzərindən əmlakla bağlı dövlət xidmətlərinə onlayn müraciət etsin. Bu isə aydındır ki, vətəndaşların xidmətlərdən rahat, çevik və şəffaf şəkildə faydalanmasını birbaşa təmin edir. İndiyədək belə elektron xidmətlərə 450 minə yaxın müraciətin olması da bunun əyani göstəricisidir. 

Komitə mühüm sosial tədbirləri və yenilikləri, o cümlədən “Kütləvi çıxarış” kampaniyasını 2017-ci ildə daha intensiv və böyük əhali sayını cəlb etməklə davam etdirəcək. Qarşıdakı il ərzində əmlak bazarındakı fəallıq və Komitənin müvafiq tədbirləri nəticəsində əmlak sektorunda və qeydiyyatında daha da yüksək nəticələr gözlənilir.