Dövlət əmlakı üzərində idarəetmənin təkmilləşdirilməsi, onun effektivliyinin artırılması, dövlətə məxsus olan müəssisə və digər obyektlərin özəlləşdirilməsi zamanı şəffaflığın təmin edilməsi, bu sahəyə əlavə investisiyaların cəlb edilməsinə dair aparılan dövlət siyasətinin səmərəli şəkildə həyata keçirilməsi, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni sahibləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarət mexanizminin təsis edilməsi məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin əsasında Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

  • Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini, strukturu və say tərkibinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Ilham ƏLIYEV

Azərbaycan RespublikasınıPrezidenti

Bakı şəhəri, 16 sentyabr 2005-ciil

№ 1008