Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də icarəyə verilmiş dövlət əmlakından dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Bu işlərin davamı kimi, komitə tərəfindən bir sıra qeyri yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi ilə bağlı tədbirlər görülür.

Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 65 ünvanında yerləşən,  “Azərmemarlayihə” Dövlət  Baş Layihə İnstitutunun balansındakı 5 mərtəbəli inzibati binanın yarımzirzəmi və zirzəmi hissəsində olan 61,4 kv.m., 67,1 kv.m., 88,2 kv.m., 31,6 kv.m. və 32,6 kv.m. qeyri-yaşayış sahələrinin (daşınmaz dövlət əmlakı obyektlərinin) icarəyə verilməsi üzrə müsabiqə elan edilib.

Aşağıdakı linkə daxil olmaqla müsabiqəyə çıxarılan əmlaklar haqqında daha ətraflı məlumat əldə etmək olar: 

https://goo.gl/0d7elj

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər  iştirak edə bilərlər.

Qeyd edilməlidir ki, müsabiqə barədə müvafiq elanlar komitənin özəlləşdirmə portalında (privarization.az), rəsmi internet səhifəsində (emdk.gov.az) yerləşdirilmiş və “Mülkiyyət” qəzetində dərc edilmişdir.

Bu elanlarda müsabiqəyə çıxarılan obyektlərin ünvanı, sahəsi, fəaliyyət növü, mövcud vəziyyəti və xarakteristikası barədə ətraflı məlumatlar yerləşdirilir. Həmçinin elanlarda obyektin aylıq start icarə haqqı məbləği, müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan beh kimi ödəniləcək icarə haqqı məbləği barədə bütün məlumatlar əks olunub.

Sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulub.

Həmçinin müsabiqə elanlarında sifarişçilər tərəfindən təqdim olunmalı sənədlər və müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər barədə də məlumatlar verilir.

Sifarişçilər, müsabiqə haqqında əlavə məlumat əldə etmək və müsabiqəyə çıxarılan obyektlə tanış olmaq üçün də elanlarda ünvan və əlaqə nömrələri göstərilib.

Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin binasında 14 mart 2017-ci il tarixində, saat 1100-da başlayacaqdır.