Azərbaycan Respublikasının Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına, dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərracların keçirilməsi davam etdirilir.

Özəlləşdirmə prosesinin yeni mərhələsi sahibkarlığın inkişafına təkan verir. Eləcə də, müxtəlif iqtisadi sahələr pambıqçılıq, nəqliyyat, tikinti, xidmət və digər sahələrin canlanmasına dəstək olur. Hər həftə keçirilən hərraclara paytaxt ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, qeyri-yaşayış sahələri çıxarılır. Qeyd edək ki, hərraclarda iştirakçı statusu almaq üçün paytaxt ilə yanaşı regionlarda olan vətəndaşlar da heç bir quruma getmədən, vaxt itkisi olmadan elektron qaydada özəlləşdirmə portalı privatization.az daxil olaraq əmlaklara sifariş verə bilər.

Hərraclar paytaxt (Komitənin İnformasiya Texnologiyaları Mərkəzi, H.Əliyev pr. 139A) və regionlardakı hərrac mərkəzlərində baş tutur. Açıq və şəffaf keçirilən hərraca istənilən şəxs izləyici və ya sifariş verərək iştirakçı qismində qatıla bilər. Eyni zamanda, canlı bağlantı ilə regionlarda keçirilən hərraclar da monitorlarda izlənilir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 14 mart tarixdə keçiriləcək növbəti hərraca ümumilikdə 71 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 27-i kiçik dövlət müəssisəsi, 16-ı istifadəsiz qeyri-yaşayış sahəsi 20-i səhmdar cəmiyyətlər, 8-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1408

Belə ki, bu tarixdə özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti paytaxtda olmaqla yanaşı Lənkəran, Gəncə, Cəlilabad və digər bölgələrdə yerləşir. Lənkəran şəhərində hərraca çıxarılan anbarın ümumi faydalı sahəsi 263.9 kv.m təşkil edir.

Bu dəfəki hərracda 20 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30- 45 %-i özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, tikinti, məişət, nəqliyyat, istehsal, inşaat və.s sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azərmetalinvest”, “Azərinterservis”, “Goranboy sənaye inşaat”, “Kürdəmir Kəndkimya Təchizat”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Oğuz Kəndkimya” kimi səhmdar cəmiyyətlər var. Göstərilən linkə ( https://goo.gl/0rGXzp )  daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar.

Hərraca çıxarılan qeyri-yaşayış obyektlərindən 14-ü paytaxtda, digərləri Gəncə və Mingəçevir rayonlarında yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 400 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 30 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 10 min manata təklif olunur.

Qeyd edək ki, hərraclarda iştirak etmək proseduru çox sadə və rahatdır. Bunun üçün özəlləşdirmə portalı olan privatization.az saytına daxil olub əmlakı seçib sifariş vermək və 10% behi ödəmək kifayətdir. Portala daxil olmaqla hərraca çıxarılan əmlakların ilkin satış qiyməti, işçilərin sayı, özəlləşdirilən torpaq sahəsi əmək kollektivinə güzəştli şərtlərlə satılmış hissə, 10 % beh barədə geniş məlumatlarla tanış olmaq olar. Hərracda iştirak edən lakin qalib olmayan şəxslər 10 gün ərzində komitəyə müraciət etməklə ödənilən behi geri ala bilər.

Hərraca çıxarılan əmlaklar barədə ictimai məlumatlandırma 1 ay öncədən adıçəkilən portal ilə yanaşı həm komitənin rəsmi informasiya resursu olan emdk.gov.az saytı, həmdə sosial şəbəkələr vasitəsilə aparılır. Bundan əlavə hərracların video görüntüləri komitənin rəsmi youtube kanalından yerləşdirilir.

 

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.