22 fevral 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin  (ADAU) aqrotexnologiya fakültəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Əmlak Məsələləri Dövlət Komitəsinin İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri Əyyub Məmmədov imzalayıblar.

Memorandum birgə layihələrin, konfransların, dəyirmi masaların və seminarların keçirilməsi, Komitənin sifarişi ilə ödənişli və ödənişsiz əsaslarla müxtəlif elmi-tədqiqat və analitik işlərin, monitorinq və sorğuların keçirilməsi, qısamüddətli və uzunmüddətli ixtisasartırma kurslarının təşkili, universitet əməkdaşlarının və tələbələrin Komitədə staj keçmələrinin könüllülük və daimi əsaslarla işə cəlb edilmələrini nəzərdə tutur.

“Yerquruluşu, torpaq və şəhər kadastrı” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə keçirilən imzalanma mərasimində çıxış edən universitetin rektoru, professor İbrahim Cəfərov əməkdaşlıq memorandumunun kadr hazırlığının müasir əmək bazarının tələblərinə uyğun təşkilində mühüm addım olduğunu və bu əməkdaşlığa görə  Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Komitənin İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri Əyyub Məmmədov çıxış edərək qeyd edib ki, əməkdaşlıq memorandumu yüksəkixtisaslı mütəxəssis hazırlığında və müvafiq sahə üzrə məzunların işlə təmin olunmasında mühüm rol oynayacaqdır.

Sonra, qonaqlar universitetdə  “Yerquruluşu, torpaq və şəhər kadastrı” ixtisası üzrə mütəxəssis hazırlığı üçün yaradılmış maddi-texniki baza ilə yaxından  tanış olublar.