Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən hərraclar davam edir. Komitə tərəfindən növbəti belə bir hərrac 04 aprel tarixində keçirilib. Hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, eləcə də 8-i nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi,  3 istifadəsiz qeyri yaşayış sahəsi,  8 nəqliyyat vasitəsi, respublikanın digər  şəhər və rayonları üzrə 3  kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Beləki, adıçəkilən əmlak 350 min 200 manata özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Nəsimi və Qaradağ rayonlarında, 1-i Sumqayıt şəhərində, 2-si isə regionlarda müvafiq olaraq Yevlax və Quba rayonlarında yerləşir. Regionlar üzrə ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Quba rayonunda yerləşən “Şahmehi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Əmlak 100 min manata özəlləşdirilib.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Nərimanov və Nəsimi rayonlarında, digərləri Mingəçevir və Kürdəmir rayonlarında yerləşir. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif edən iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Hərracda özəlləşdirilən müəssisələrə investorlar tərəfindən sərmayə yatırılır onların fəaliyyəti genişləndirilir.  Beləki, özəlləşdirilən əmlaklar sahibləri tərəfən kapital qoyulmaqla biznes obyektinə çevirilir. Nəzərə alsaq ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına ehtiyac var bu baxımdan da özəlləşdirmənin həyata keçirilməsi  xüsusi əhəmiyyət kəsb edir.  Beləki,  bu proses   həm iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması  həm də investisiya mühitinin sağlamlaşdırılması baxımından əlverişlidir. Eyni zamanda özəlləşdirilən əmlakların pa1ytaxtla yanaşı regionlarda yerləşməsidə bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır.  Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir.  Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.

Komitə tərəfindən növbəti belə hərrac 11 aprel tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517