Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 02 may tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 5-i kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı  şəhəri üzrə  2 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 8 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sabunçu rayonunda yerləşən ictimai iaşə obyekti olub. Beləki, adıçəkilən əmlak 220  min manata özəlləşdirilib. Bundan başqa paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. Ümumi faydalı sahəsi 1179 kv.m, topaq sahəsi isə 4632 kv.m təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 2-si paytaxtın Sabunçu və Xəzər rayonlarında, 1-i Gəncə, 1-i Cəlilabad, digər isə Mingəçevirdə yerləşir.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Suraxanı, Yasamal, Nizami  rayonlarında, 3-ü Qubada, digərləri isə Sumqayıt, Sabirabad, Lənkəran və Ağdaşda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 60 min manat olub. Ümumi faydalı sahəsi isə 24 kv.m təşkil edib. Budəfəki hərrac da  özəlləşdirilən belə əmlakların  ümumi faydalı sahəsi  9 kv.m ilə 110 kv.m, qiymətləri isə 1500 manatla 60 min manat arasında dəyişib. 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r       

Hərrac vasitəsilə özəlləşdirməyə açıq elan edilən dövlət əmlakına investisiya cəlb olunur, onların faəliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhvəsini verir. İnvestorlar baxımından isə hərraclar sərmayəçilərin müəssisələrə sahib olmaqla bağlı əlçatanlığını artırır. Vətəndaşlar da, öz büdcəsinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesini qura bilirlər. Bu isə iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin atmasına, kadr potensialının formalaşmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir.  Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar, əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac 10 may tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517