Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən könüllülük proqramının həyata keçirilməsi davam etdirilir. Proqram “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşdırılır. Komitə tərəfindən könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edilib. Qeyd edilməlidir ki,  24 nəfərdən ibarət könüllü 2017-ci ilin iyul ayının 22-də Komitənin müvafiq qurumlarında fəaliyyətə başlayıb. Həmin ilin sentyabrın 26-da isə fəaliyyəti bitiriblər. Fəaliyyət müddətinin sonunda könüllülərin nəzəri biliklərini və biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədi ilə test imtahanları keçirilib. Topladıqları ballara uyğun olaraq isə onlara müvafiq sertifikatlar verilib.

Həmçinin, fəaliyyətləri müddətində öhdəliklərini layiqincə yerinə yetirən və intizamlı könüllülərin bir qismi Komitənin tabeliyinə daxil olan qurumlarda müvafiq vəzifələrə təyin edilib. Könüllülər vətəndaşların qarşılanması və əlaqədar şəxslərə yönləndirilməsi, göstərilən xidmətlər üzrə müraciət edən vətəndaşlara qanunvericiliyin və qaydaların düzgün izah edilməsi, müraciətlərə əsasən ərizə formalarının doldurulmasına köməkliyin göstərilməsi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri istiqamətində işlər görüblər. Qeyd edilməlidir ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

Məlumat üçün bildirilməlidir ki, bu fəaliyyətə qoşulmaq istəyənlər Komitənin rəsmi informasiya portalına (emdk.gov.az) daxil olaraq könüllülük üçün müraciət formasını doldurmalıdır.