Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət qurumları beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir və onların işində fəal iştirak edirlər. Belə ki, 2015-ci ilin 26–27 fevral tarixlərində BMT-nin Cenevrə şəhərində yerləsən mənzil-qərargahında  BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun növbəti, 9-cu sessiyası keçirilmişdir. Sessiyaya İşçi Qrupunun 2013-cü ildən sədri olan Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi sədrlik edirdi. Sessiya çərçivəsində AİK regionuna daxil olan dövlətlərin daşınmaz əmlak nazirlərinin görüşü və müzakirə panelləri, daşınmaz əmlakın idarə edilməsi və idarəçiliyi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların İkinci iclası keçirilmiş, İşçi Qrupunun 2013–2014-cü illərdə fəaliyyəti qiymətləndirilmiş, İşçi Qrupu Bürosunun işi haqqında hesabat, İşçi Qrupunun 2016–2017-ci illər üçün İş Proqramının layihəsi, habelə digər məsələlər geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Sessiyanı giriş sözü ilə BMT-nin Baş Katibinin müavini, BMT AİK-in İcraçı Katibi cənab Kristian Friis Bax açmışdır. Sessiya çərçivəsində AİK regionuna daxil olan dövlətlərin daşınmaz əmlak nazirlərinin görüşü və müzakirə panelləri, daşınmaz əmlakın idarə edilməsi və idarəçiliyi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların İkinci iclası keçirilmiş, İşçi Qrupunun 2013–2014-cü illərdə fəaliyyəti qiymətləndirilmiş, İşçi Qrupu Bürosunun işi haqqında hesabat, İşçi Qrupunun 2016–2017-ci illər üçün İş Proqramının layihəsi, habelə digər məsələlər geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Sessiyanın sonunda BMT Avropa İqtisadi Komissiyasının 56 üzv dövlətinin açıq səsverməsi yolu ilə keçirilən seçkilər nəticəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi ardıcıl olaraq növbəti iki il müddətinə BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupu Bürosunun sədri seçilmişdir. İşçi Qrupu sədrinin müavini vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə isə xanım Culi Berri (Böyük Britaniya) və cənab Rik Vauters (Hollandiya) səs çoxluğu ilə qalib gəlmişlər.  

Seçkilər nəticəsində İşçi Qrupunun Bürosuna 11 dövlətdən (Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Finlandiya, Gürcüstan, İrlandiya, İtaliya, Hollandiya, Qırğızıstan və Yunanıstanın müvafiq dövlət qurumlarından) olan nümayəndələr üzv seçilmişlər.   

Sessiyanın işində AİK-ə üzv olan 56 dövlətin aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, BMT-nin Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), “EuroGeographics” beynəlxalq assosiasiyası, Beynəlxalq Bank, Beynəlxalq Mərzçəkənlər Federasiyası (FIG), Avropa İttifaqının Daimi Kadastr Komitəsi (PCC), Avropa Daşınmaz Əmlak Xidməti (EULIS), Avropa Daşınmaz Əmlakın Qeydiyyatı Assosiasiyası (ELRA), Beynəlxalq Əmək Təşkilatı (İLO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Geodeziya-Mərzçəkənlər Şurası (CLGE), Təbii Fəlakətlər Riskinin Azaldılması üzrə BMT Ofisi (UNİSDR), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR), BMT-nin Məskunlaşma Proqramı Administrasiyası (UN HABİTAT), USAID və digər beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edirdilər.

Xatırladaq ki, Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun başlıca məqsədi BMT-nin Avropa İqtisadi Komissiyası regionunda daşınmaz əmlakın idarə olunması və idarəçiliyinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl təcrübənin təşviqindən ibarətdir. İşçi Qrupunun hədəfi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qorunması, regionda daşınmaz əmlak və torpağın kadastrı və qeydiyyatı, eləcə də daşınmaz əmlak bazarlarının inkişaf etdirilməsini ehtiva edir. İşçi Qrupu öz fəaliyyətini AİK regionundakı bütün ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsinə əsaslanaraq, üzv dövlətlərin ərazilərində konfrans, seminar, forum və işçi görüşlərin təşkili, regionda daşınmaz əmlak idarəçiliyi sistemlərinin araşdırılması, daşınmaz əmlakın idarə edilməsi sahəsində ölkələr üzrə profillərin (səciyyəvi məlumatların) hazırlanması, daşınmaz əmlakın idarə olunması və idarəçiliyi mövzularında layihələrin həyata keçirilməsi, tədqiqat işlərinin aparılması və təlimatların nəşri, AİK regionunda daşınmaz əmlak sistemlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və səmərəlilik səviyyələrinin müqayisə edilməsi, daşınmaz əmlakın idarə olunması və idarəçiliyi üzrə ölkələr tərəfindən həyata keçirilən siyasətlərə dair tövsiyələrin bildirilməsi, bu işə ekspertlərin cəlb edilməsi, eləcə də aidiyyəti milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə həyata keçirir.