Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət sahələrində şəffaflığın səviyyəsini daha da yüksəltmək, xidmətlərdə rahatlığı, əlverişliliyi və operativliyi təmin etmək, sosial məmnunluğu artırmaq məqsədilə müasir dövrün tələbinə uyğun innovasiyaların tətbiqini davam etdirir. Bu yeniliklər həm daşınmaz əmlakın qeydiyyatı, həm də dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və icarəsi sahələrini əhatə edir.

Belə ki, komitə elektron və onlayn xidmətlərlə yanaşı, SMS xidmətləri də vətəndaşların istifadəsinə verib. Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-ünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

10 mart 2015-ci il tarixində komitə tərəfindən bu yeniliklərə həsr olunmuş “Daşınmaz əmlakla bağlı SMS xidmətlər: rahatlıq və çevikliyin təminatı” mövzusunda İctimai Təqdimat keçirilib. Tədbirdə Komitənin mərkəzi aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların nümayəndələri, daşınmaz əmlak bazarı iştirakçıları, daşınmaz əmlak sahəsində ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov açıq elan edib. Bildirilib ki, dövlət başçısı tərəfindən şəffaflıq, operativlik və sosial məmnunluq məqsədilə innovativ üsulların tətbiqi, xidmətlərin əhaliyə rahat və əlverişli şəkildə çatdırılması ilə bağlı dövlət orqanlarına ciddi tapşırıqlar verilib. Əmlak Məsələləri Dövlət Komitəsi də bu tapşırıqlardan irəli gələrək fəaliyyət sahələri üzrə zəruri tədbirlərin həyata keçirilməsini davam etdirib.

Tədbirdə yeni SMS xidmətlərlə bağlı çıxışlar və təqdimatlar olub, bu xidmətlərin əhəmiyyəti, istifadə qaydaları və proseduru izah olunub. Qeyd olunub ki, SMS xidmətlər qeydiyyat prosesinin rahatlığını xeyli artırıb. Məlumdur ki, daşınmaz əmlakın qeydiyyatı üçün müraciət edilərkən dövlət rüsumu ödənilir və bu rüsum dəyişməzdir. Lakin müraciət üzrə xidmət haqqı isə göstərilən xidmətin həcmindən asılı olduğu üçün icra prosesində müəyyən olunur. İcranın nəticəsi olaraq sənədlərin əldə edilməsi zamanı xidmət haqqının ödənilməsi tələb edilir. Əvvəllər xidmət haqqı barədə məlumat yalnız hazır sənəd vətəndaşa təqdim olunanda məlum olurdu. Xidmət haqqının öyrənilməsi üçün SMS xidmətin istifadəyə verilməsindən sonra isə bu məlumat artıq qeydiyyat idarəsinə gəlmədən SMS vasitəsilə əldə olunur. Vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləğini öyrənir. Həmin xidmət haqqı müvafiq banka ödənildikdən sonra qeydiyyat sənədi vətəndaşa təqdim olunur. Eyni zamanda, xidmət haqqını ərazi qeydiyyat idarələrinin özündə ödəmək üçün burada ödəmə məntəqələri (“PayPoint”) də quraşdırılıb.

Digər SMS xidmət daşınmaz əmlakın qeydiyyatı üçün müraciətin icra vəziyyətinin öyrənilməsinə aiddir. Vətəndaş müraciət nömrəsini 9193-ə göndərməklə müraciətin icra vəziyyəti barədə dərhal məlumat əldə edə bilir. Bu SMS-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq sənədin hazır olma tarixi göstərilir.

Qeyd olunduğu kimi, komitə dövlət əmlakının icarəsi ilə bağlı da SMS xidmət istifadəyə verib. Bu xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradıb. Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, komitə tərəfindən bütün icarəçilərə (dövlət əmlakını icarəyə götürmüş şəxslər) ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir.

Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.

Xatırladaq ki, hər 3 SMS xidmət, eyni zamanda, komitənin elektron xidmətlər portalında informativ xidmət kimi vətəndaşların istifadəsindədir.

Qeyd edək ki, hazırda komitənin fəaliyyət sahələri üzrə 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlərdən 2-si bu ilin əvvəlində istifadəyə verilib. Bunlara “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” və “İxtisaslaşdırılmış  pul  hərraclarında  sifarişlərin və sənədlərin elektron qəbulu” aiddir. Bu il yeni elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir. 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. İndiyədək elektron xidmətlər vasitəsilə 179 min müraciət qəbul edilib.

Komitənin son illərdə fəaliyyətində mütərəqqi addım sosial amillərin gücləndirilməsi və sosial tədbirlərin genişləndirilməsidir. Belə ki, elə ötən ildən etibarən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mobil ofis xidmətlərinin tətbiqinə və “Kütləvi çıxarış” kampaniyasına başlanılıb. Mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri eyni vaxtda paralel olaraq respublikanın bütün şəhər və rayonları üzrə həyata keçirilir. Bununla bağlı hər ay komitənin rəsmi internet səhifəsində mobil xidmət qrafiki də yerləşdirilir. Mobil ofis xidmətinin təşkilində məqsəd qeydiyyat xidmətlərini vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırmaqdır. İndiyədək mobil ofislər vasitəsilə 22 mindən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

“Kütləvi çıxarış” kampaniyası çərçivəsində isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir. İndiyədək respublika üzrə ümumilikdə 2500-ə yaxın vətəndaş bu kampaniyadan faydalana bilib.

Bütün bu mütərəqqi sosial yeniliklər vətəndaş məmur təmasının sıfıra endirilməsi, xidmətlərdə əlçatanlığın, rahatlığın və operativliyin təmin olunması, vaxt itkisinin qarşısının alınması məqsədi daşıyır.