Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 aprel 2015-ci il tarixində Ağsuda növbəti vətəndaş qəbulu keçirib. Keçirilən regional vətəndaş qəbulunda Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaş qəbulu Ağsu şəhərində yerləşən Gənclər Mərkəzində keçirilib.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edib. Komitə sədri onların müraciətlərinə baxıb, təklif və xahişlərini diqqətlə dinləyib.

Vətəndaşların müraciətləri əsasən onlara ayrılmış torpaq sahələri, yaşadıqları fərdi həyət evləri və mənzilləri, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına aid olub. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Vətəndaşların bir qismi komitənin “kütləvi çıxarış” kampaniyasında iştirak və mobil ofis xidmətlərindən faydalanmaqla bağlı da müraciətlərini bildiriblər.

Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün uyğun göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş qəbulunun keçirilmə tarixi və yeri barədə öncədən müvafiq elan verilib və qeydiyyat üçün əlaqə vasitələri göstərilib.