Əmlak Məsələləri Dövlət Komitəsində dövlət qulluqçularının xidməti davranışlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət və bu sahədə maarifləndirmə məqsədi ilə davamlı tədbirlər görülür.

Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.1-ci bəndinə uyğun olaraq həyata keçirilir.

  Belə tədbirlərin davamı olaraq, Komitənin aparatında 25 aprel 2015-ci il tarixində dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda təlim seminarı keçirilib. Seminarda komitənin bütün ərazi şöbələrinin əməkdaşları iştirak edib.

Tədbirdə komitənin aidiyyəti şöbəsinin əməkdaşları “Etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış ediblər. Təşkil edilmiş seminar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunması üzrə məsələləri əhatə edib. Eyni zamanda, vətəndaşlarla nəzakətli, səbirli və məsuliyyətli davranılmasına riayət edilməsinin zəruriliyi barədə ətraflı məlumat verilib və seminar iştirakçıları ilə bu istiqamətdə müzakirələr aparılıb.

Dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə işinin davam etdirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş etik normalar üzrə gələcəkdə mütəmadi tədris kurslarının və treninqlərin təşkili davam etdiriləcəkdir. Eyni zamanda, hazırlanmış müvafiq hesabatların ictimaiyyətə açıqlanması təmin ediləcəkdir.