Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilməsi ilə xidmətləri vətəndaşlara daha əlçatan edir. Daşınmaz əmlakın qeydiyyatının birbaşa kənd və qəsəbələrə gətirilməsi vətəndaşların ərazi ofislərinə getmək kimi çətinliyini aradan qaldırır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu həftə səyyar qeydiyyat xidmətlərindən Masazır qəsəbəsinin sakinləri yararlanacaq. Belə ki, sosial aksiya 03-06 sentyabr tarixlərində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 798 (Əliağa Vahidin heykəli və “Zirvə” İdman klubunun yanında) ünvanında keçiriləcək. Vətəndaşlar əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar ofisə müraciət edə bilər.

Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər, vətəndaşlara hüquqi məsləhətlər verilir və onları maraqlandıran suallar cavablandırılır. Eyni zamanda sakinlərə elektron çıxarışın əldə edilməsi və ondan istifadə qaydaları, tələb olunan sənədlər, xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilir.