Azərbaycanla Avstriya arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynamışdır.
Cari ilin 23 sentyabr tarixində Avstriyanın Vyana şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun əməkdaşları arasında işgüzar görüş keçirilmişdir. Görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avstriya təcrübəsi ilə yaxından tanışlıq baş tutmuşdur.