Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdə rayonunda, sədr müavini isə Ağdam rayonunda vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 sentyabr tarixində Bərdə rayonunda vətəndaş qəbulu keçirib. Rayonun Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda vətəndaşların fərdi qaydada müraciətlərinə baxılıb. Komitənin müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda səslənən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqların qeydiyyatı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqlarının aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb.
Qəbul zamanı bütün müraciətlər və qaldırılan məsələlər komitə sədri tərəfindən fərdi qaydada, diqqətlə dinlənilib. Bir neçə vətəndaşın müraciətləri elə yerindəcə həll edilib. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib, bəzi müraciətlərlə bağlı müvafiq komissiya yaradılıb. Komitənin fəaliyyət sahələrinə aid olmayan məsələlərə dair müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcəyi barədə vətəndaşlara məlumat verilib.