Prezident Fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən səyyar qeydiyyat xidmətləri bu həftə paytaxtın 3 rayonunda göstəriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mənzillərin sürətli formada qeydiyyatı davam edir. Hər həftə təşkil edilən kampaniyalar ilə səyyar qeydiyyat xidməti birbaşa olaraq mənzil sahiblərinin ünvanlarına gətirilir. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşları səyyar qeydiyyat kampaniyalarında aktiv iştiraka və Əmlak Xidmətləri Məkanına müraciət etməyə çağırır.
Komitə tərəfindən 30 sentyabr-04 oktyabr tarixlərində, o cümlədən oktyabrın 6-sı, həftənin bazar günündə də qrafik üzrə istismarına icazə verilmiş binaların həyətlərində qeydiyyat xidmətləri göstəriləcək. Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı şəhərinin Nizami, Nərimanov və Nəsimi rayonlarında 6 bina üzrə 919 mənzili əhatə edəcək.