Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 may 2015-ci il tarixində Lerikdə keçirdiyi növbəti vətəndaş qəbulunda Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. Vətəndaş qəbulu Lerik şəhərində yerləşən Mədəniyyət Mərkəzində keçirilib.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edərək komitə sədrinə müraciətlərini və xahişlərini bildiriblər.

Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər.

Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Eyni zamanda, belə torpaq sahələrinə əvvəllər alınmış texniki sənədlərin yeni hüquqi qaydalara əsasən icrası, habelə hazırda mülkiyyətdə olan torpaq sahəsinə yeni prosedurlara əsasən mülkiyyət sənədinin əldə olunması məsələləri barədə müraciətlərini çatdırıblar. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini bildiriblər.

Azərbaycan Respublikası Prezidentinin Komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanına toxunan komitə sədri bildirib ki, artıq mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında vahid idarəçilik prinsipi tətbiq edilir. Artıq mülkiyyət sahibləri daşınmaz əmlakın qeydiyyatı üçün yalnız bir ünvana müraciət etməklə öz əmlaklarına dair çıxarış ala biləcəklər. Komitə sədri dövlət başçısının bu Fərmanının sosial əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu yeniliyin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır. Bununla da, vətəndaşların qeydiyyat üçün sərf etdikləri vaxt itkisinin aradan qalxması, rahatlığın və məmnunluğun yüksək səviyyədə təmin olunmasıdır.

Nəzərə çatdırılıb ki, yeni Fərmanla dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, geodeziya, topoqrafiya, kartoqrafiya, torpaqlardan istifadəyə dövlət nəzarəti kimi yeni funksiyalar da artıq icra olunur. Bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması həyata keçiriləcək. Torpaqların səmərəli istifadəsinə və mühafizəsinə dövlət nəzarəti gücləndiriləcək. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması ilə bağlı tədbirlər görüləcək. Torpaqların dəqiq koordinatlarının təyin edilməsi sahəsində daha optimal və şəffaf tədbirlər həyata keçiriləcək.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Qəbulda iştirak edən vətəndaşlar dövlət başçısının məlum Fərmanından, bir ünvanda qeydiyyat prosedurlarının tətbiqindən, göstərilən qeydiyyat xidmətlərindən razılıqlarını və təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, vətəndaş qəbulunun keçirilmə tarixi və yeri barədə öncədən komitə saytında və mətbuatda müvafiq elan və əlaqə vasitələri verilmişdir.