“Kütləvi çıxarış” kampaniyası Gəncədə

 

Əmlak Məsələləri Dövlət Komitəsi 05 iyun 2015-ci il tarixində Gəncə sakinləri üçün mətbuat və televiziya nümayəndələrinin iştirakı ilə “Daşınmaz əmlakın qeydiyyatında bir pəncərə və ictimai məmnunluq” adı altında “Açıq qapı” günü – vətəndaş forumu keçirib. Eyni gündə komitənin yeni formatda davam edən “kütləvi çıxarış” kampaniyası vətəndaşların birbaşa öz evlərində, mənzillərində reallaşıb. Bir çox fiziki məhdudiyyətli insan daşınmaz əmlakına dair çıxarışını evində alıb. Həmçinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlər də qəbul edilib.

Komitənin təşkil etdiyi bu dəfəki “Açıq qapı” günü – vətəndaş forumu özünün ictimai əhəmiyyəti ilə yadda qalıb. Belə ki, vətəndaş forumu dövlət başçısının komitənin yeni Əsasnaməsini təsdiq edən 04 may 2015-ci il tarixli Fərmanı, daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı bir çox məsələlərin izahına həsr olunub.

Məqsəd bu Fərmandan, o cümlədən komitənin yeni Əsasnaməsindən irəli gələn sosial-hüquqi üstünlükləri və bir ünvanda qeydiyyat prosedurunu vətəndaşların diqqətinə çatdırmaq, bunun vətəndaşlara məkan və zaman faydalarını ictimaiyyətə açıqlamaqdır.

“Açıq qapı” günündə komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanın həm qeydiyyat, həm də torpaq idarəçiliyi sahəsində vətəndaşlar üçün sosial əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Fərmana əsasən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik, qeydiyyatda “bir pəncərə” prinsipi  tətbiq edilir. Vətəndaşlar artıq bir ünvana, bir quruma müraciət edərək daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata aldıracaqlar. Bununla da, vətəndaşların əvvəllər torpaq sahələri ilə bağlı müvafiq sənədlər üçün ayrı-ayrı qurumlara getmək məcburiyyəti aradan qalxıb. Bu da vaxt itkisinin və digər çətinliklərin qarşısının alınmasına səbəb olub. Beləliklə, qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativlik, rahatlıq, şəffaflıq və sosial məmnunluq artacaq. Eyni zamanda, bu yeniliklər mülkiyyət hüquqlarının qeydiyyatını stimullaşdıracaq, ölkə üzrə daşınmaz əmlakların maksimum sənədləşməsini təmin edəcək.

Bütün kateqoriyalı torpaqların elektron uçotu və məlumat bankı yaradılacaq. Torpaqların dəqiq xəritələşməsi aparılacaq. Torpaq məlumat bankında və elektron bazada torpaq sahələri barədə detallı və dəqiq məlumatlar əks olunacaq. Həm dövlət, həm bələdiyyə, həm də vətəndaş mülkiyyətinin həcmi, ölçüsü, sərhədi aydın şəkildə əksini tapacaq. Torpaqların dəqiq koordinatlarının təyin edilməsi, torpaq sərhədlərində uyğunsuzluqların aradan qaldırılması maksimum təmin ediləcək. Bundan əlavə, dövlətə məxsus torpaq sahələri üzərində dövlət nəzarəti güclənəcək. Qeyri-qanuni istifadə ilə bağlı halların qarşısını alan daha effektiv tədbirlər həyata keçiriləcək. Bu da, optimal və şəffaf torpaq idarəçiliyini təmin edəcəkdir.

Vətəndaş forumunda vətəndaşların da bu istiqamətdə verdikləri suallar cavablandırılıb. Onlara bir ünvanda qeydiyyat prinsipi, yeni qeydiyyat proseduru əyani göstərilib və izahlar verilib. Bir çox vətəndaşın onlara məxsus torpaq sahələri, fərdi həyət evləri və mənzillər, qeyri-yaşayış sahələrinə dair çıxarış və digər qeydiyyat sənədlərinin alınması ilə bağlı sualları olub. Torpaq sahələrinə əvvəllər verilmiş texniki sənədlərin yeni qaydalarla icrası barədə suallar da verilib. Habelə hazırda belə texniki sənədlərin əldə edilməsi qaydaları və hüquqi tələblərə dair suallar olub. Bütün suallar ətraflı şəkildə cavablandırılıb. Vətəndaşlar “Açıq qapı” gününün təşkilindən, yeni prosedurların izahından və onları maraqlandıran məsələlərə dair izahlar verilməsindən razılıqlarını bildiriblər.

Həmin gün Gəncədə “Kütləvi çıxarış” kampaniyası bilavasitə yerlərdə və vətəndaşların ünvanlarında həyata keçirilib. Belə ki, vətəndaşlara əvvəlcədən müəyyən edilmiş yerlərdə komitənin mobil ofisləri vasitəsilə həm hazır çıxarışları təqdim edilib, həm də çıxarışla əvəz olunması üçün onların qeydiyyatla bağlı sənədləri qəbul edilib.

Kampaniya eyni gündə həm də mənzillərdə baş tutub. Bu məqsədlə, komitənin mobil ofisləri birbaşa olaraq vətəndaşların evlərinə yollanıb. Fiziki məhdudiyyətli, həmçinin hərəkət çətinliyi olan insanların evlərində onların həyətyanı torpaq sahələri, mənzili, fərdi həyət evi və digər mülkiyyəti barədə müxtəlif vaxtlarda verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər hüquq təsdiq edən sənədlər əsasında dövlət reyestrindən çıxarışlar təqdim edilib.

Gəncədə kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 50-yə yaxın vətəndaşın sənədləri dövlət qeydiyyatına alınması və çıxarış verilməsi məqsədilə qəbul edilib.

Qeyd edək ki, kampaniya yeni formatda son 2 ayda Zaqatala, Beyləqan və Şamaxıda baş tutub. Bütün bu yeniliklərin məqsədi xidmətlərdə əlçatanlığı maksimum təmin etmək və vətəndaş məmnunluğunu artırmaqdır.

Kampaniyanın əsas sosial üstünlüyü vətəndaşların mülkiyyət hüquqlarının tanınması prosesində əlavə vaxt itkisinin, ərazi idarələrinə getmək məcburiyyətinin aradan qalxmasıdır. Bu da vətəndaşların xidmətlərdən daha rahat, əlverişli və operativ şəkildə istifadə etməsinə səbəb olur. Eyni zamanda, kampaniya mülkiyyət sahiblərinin daşınmaz əmlakdan iqtisadi məqsədlər üçün istifadəsini stimullaşdırır. Daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların artmasına, torpaq bazarının inkişafına müsbət təsir göstərir.

Qeyd edək ki, indiyədək respublika üzrə keçirilən kampaniyadan ümumilikdə 3500-dən çox vətəndaş faydalana bilib.

Xatırladaq ki, son illərdə komitənin tətbiq etdiyi elektron, onlayn, SMS və mobil ofis xidmətləri, qeydiyyat prosesinin sadələşməsi, eləcə də mütəmadi keçirilən “kütləvi çıxarış” kampaniyası daşınmaz əmlakın qeydiyyatının artmasına səbəb olub. Bunun nəticəsidir ki, ilin ilk rübündə regionlarda əmlakın qeydiyyatı 20%-dən çox yüksəlib. 2015-ci ilin birinci rübündə ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.