Daşınmaz əmlakın qeydiyyatı üzrə səyyar xidmətin birbaşa ünvanlarda keçirilməsi vətəndaşların rahatlığına və mənzillərin dövlət qeydiyyatına alınmasının stimullaşdırılmasına xidmət edir. Hazırda Bakı şəhəri üzrə istismarına icazə verilən binaların operativ olaraq çıxarışla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət təşkil edilir.

16-20 dekabr tarixlərində növbəti səyyar qeydiyyat kampaniyası Yasamal rayonunun 5 ünvanında  vətəndaşların xidmətində olacaq və həftə ərzində mobil ofislərdə göstəriləcək xidmət ümumilikdə 900-ə yaxın mənzili əhatə edəcək.

Səyyar qeydiyyat xidməti 16-17 dekabr tarixlərində Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, 2, 18 dekabrda A.M.Şərifzadə küçəsi, məhəllə 3159, 19 dekabrda 442-ci məhəllə, M.F.Axundov küçəsi, 150A,  dekabrın 20-də isə D.Bünyadzadə küçəsi, 11e ünvanlarında yerləşən çoxmərtəbəli binaların həyətində təşkil olunacaq.

Xidmətdən istifadə etmək istəyənlər göstərilən tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını mobil qeydiyyat ofisinə təqdim etməlidir.