Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanı ilə istismarına icazə verilən binalarda yerləşən mənzillərin qeydiyyatı davam edir. Bu məqsədlə müxtəlif sosial kampaniyalar keçirilir, vətəndaşlara ünvanlardaca intensiv qeydiyyat xidməti göstərilir. 

Cari il ərzində Fərmanın icrası ilə bağlı görülən işlərin nəticələri müsbətdir. Qeyd edilməlidir ki, 2019-cu il ərzində ölkə üzrə istismarına icazə verilən 277 MTK, MMC, fiziki şəxslərə aid binanın istismarına icazə aktları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Bunlardan 262 MTK, MMC, fiziki şəxslərə aid binalar Bakıda, qalan 15 MTK, MMC, fiziki şəxslərə aid binalar rayonlarda yerləşir. Paytaxt üzrə isə ən çox istismarına icazə verilən bina Yasamal rayonundadır.

Həmin binalarda yerləşən 11 mindən artıq mənzilin çıxarışı hazırlanıb. Həmçinin 1000-dən çox sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir.

Fərmanla bağlı qeydiyyat xidmətlərinin ünvanlarda göstərilməsi vətəndaş məmnunluğunu yüksəldir, bu sahədəki prosedurları sadələşdirir, vətəndaşın gündəlik fəaliyyətindən ayrılmadan əmlaklarını rəsmi qeydiyyata almasına imkan yaradır, o cümlədən leqal əmlakların sayını artırır. Bu fərmanla vətəndaşların mənzil şəraiti yaxşılaşdırılır, sosiallıq prinsipi təmin edilir, insan amili gücləndirilir.

Qeyd edilməlidir ki, istismarına icazə verilməsi ilə bağlı binanın sənədləri daxil olan zaman dərhal, operativ olaraq mənzillərə çıxarışın verilməsi işlərinə başlanılır. Bu məqsədlə MTK-lar, vətəndaşlar üçün maarifləndirici tədbirlər keçirilir, çıxarışların hazırlanması ilə bağlı lazım olan ilkin sənədlər barədə informasiya verilir. Həmçinin belə binalara müvafiq məlumat xarakterli elanlar, bildirişlər yerləşdirilir.
MTK tərəfindən verilən mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün MTK-nın ümumi yığıncağının qərarı və maliyyə arayışı, MMC-dən alınan mənzillər üçün isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi kimi sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi tələb edilir. İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Bundan başqa prosesin daha intensiv aparılması məqsədilə ünvanlarda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial kampaniyalar hər həftə keçirilir. Kampaniyanın qrafiki, keçiriləcəyi binaların ünvanı barədə ictimai məlumatlandırma aparılır.

Bildirilməlidir ki, vətəndaşlar “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləğini onlayn qaydada öyrənə bilərlər.