25 fevral tarixində Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Budəfəki hərracda 13 dövlət əmlakına ümumilikdə 65 sifariş verilib. Bələ ki, əksər nəqliyyat vasitələri üzrə sifarişlər çox olduğundan dövlət əmlakları rəqabətli mühitdə özəlləşdirilib.

Buraxılış tarixləri 2007-2011-ci illər olan nəqliyyat vasitələri BMW, Nissan, Fiat kimi markalara aiddir. Dövlət əmlaklarının hərracda son qiyməti 2 min 222 manat ilə 5 min 600 manat aralığındadır. Rəqabət yaradan nəqliyyat vasitələrindən biri VAZ-21154 markalı avtomobildir. Bu dövlət əmlakı hərracda ilkin qiymətindən 3 min manat yuxarı, 4 min 500 manata özəlləşdirildi.

Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və özəlləşdirmədə iştirak statusu qazanmaq istəyən şəxslər emdk.gov.az saytına və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Sifarişçilər və hərraca marağı olan şəxslər özəlləşdirməyə həm canlı, həm də onlayn formada da qoşula bilər.