Əmlak Məsələləri Dövlət Komitəsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində müasir yanaşmaların və yeni idarəetmə mexanizmlərinin tətbiqini nəzərdə tutan respublika üzrə İşgüzar Forumlara start verib. Belə ki, 02 iyul 2015-ci il tarixində Şirvan şəhərində “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda İşgüzar Forum keçirilib. Şirvanda keçirilən işgüzar Forum Salyan, Neftçala, Hacıqabul, Sabirabad və Saatlı rayonlarını əhatə edib. Eyni məzmunlu Forum 03 iyul tarixində Ucar şəhərində də keçiriləcək. Bu Forum isə Kürdəmir, Zərdab və Göyçay rayonlarını əhatə edəcək.

Forumda Komitənin Aparatı, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, yerli icra hakimiyyətləri, bələdiyyələrin və aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və istifadəçiləri və KİV nümayəndələri iştirak edib.

Bu tədbirlər Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsində əksini tapmış torpaq bazarının təşkili, torpaqların dövlət mühafizəsi, mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən torpaqların səmərəli istifadəsi kimi vəzifələrdən irəli gələrək keçirilir.

İşgüzar Forumun məqsədi torpaq münasibətlərinin idarə edilməsi və tənzimlənməsi, eləcə də torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, təyinatı üzrə istifadəsi və torpaq bazarının təşkilində Komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbiri giriş nitqi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov açıb. Qeyd olunub ki, komitənin yeni Əsasnaməsi ilə daşınmaz əmlak, o cümlədən torpaq sahələri barədə bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə edilib. Torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili, torpaqlardan istifadəyə dövlət nəzarəti kimi yeni fəaliyyət istiqamətləri müəyyən edilib. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqi, torpaq idarəçiliyinin təkmilləşdirilməsi və Konstitusiyada əks olunmuş mülkiyyət növləri üzrə sərhədlərin dəqiqləşdirilməsi nəzərdə tutulub. Komitənin yeni funksiyalarının icrasında yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyasının zəruriliyi vurğulanıb. Bu baxımdan belə ardıcıl regional tədbirlərin mühüm əhəmiyyəti nəzərə çatdırılıb.

Forumda komitə rəsmisi torpaqların dövlət idarəetməsi və torpaq bazarının təşkili ilə bağlı təqdimatla çıxış edib. Torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni prinsiplər və mexanizmlər barədə ətraflı məlumat verilib. Torpaqların kateqoriyaları, torpaqların istifadəsində yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki və hüquqi şəxslər və digər istifadəçilərin hüquq və vəzifələri nəzərə çatdırılıb. Torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Bu sahədə normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə məlumat verilib. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə məsələlər izah olunub. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndiriləcək. Neqativ halların qarşısının alınması, torpaq qanunvericilinin tələblərinin pozulması, cinayət məsuliyyətinə səbəb olan hallar, bununla bağlı inzibati xətalar və sanksiyalar barədə ətraflı məlumat verilib. Sənaye məqsədli sahələrdə və ya örüş, otlaq sahələrində yaşayış məqsədilə evlərin, əkin sahələrində sənaye-emal obyektlərinin tikintisinə yol verilməməsi barədə məsələlər nəzərə çatdırılıb.

Tədbirdə bildirilib ki, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi məqsədi ilə torpaq qanunvericiliyinin tələbləri bütün dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təmin edilməlidir. Tədbirdə həmçinin torpaqların təyinatına zidd olaraq istifadə olunması ilə bağlı məsələlərə toxunulub. Pay torpağı almış vətəndaşların xüsusi mülkiyyətlərində olan həmin torpaqlardan ümumiyyətlə istifadə etməməsi və ya təyinatına zidd istifadəsi barədə məsələlər müzakirə olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə hüquq və vəzifələri barədə məlumat verilib. Bildirilib ki, səmərəli istifadə və mühafizə məqsədilə Komitə müvafiq qurumların verilmiş qanunazidd qərarlarının icrasını dayandırmaq və ləğv etmək barədə məsələ və ya məhkəmə iddiasi qaldırmaq hüququ vardır. Həmçinin, təyinatına zidd istifadə hallarında torpağın istifadəçidən geri alınması barədə tədbirlər görülür. Bu barədə rayon, şəhər icra hakimiyyəti orqanı və ya bələdiyyə qarşısında vəsatət qaldırılır. İnzibati xəta törətmiş şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. Nəzarət tədbirlərinin görülməsi, eyni zamanda, torpaq sahələrinin uzunmüddətli istifadəyə yararlı olmasını təmin edir.

İşgüzar Forumda mühafizə zonaları ilə bağlı müvafiq qərarların tələblərinə riayət olunması məsələlərinə də toxunulub. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları barədə məlumat verilib. Bu mühafizə zonaları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsi məsələləri izah olunub. Diqqətə çatıdırlıb ki, mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılması qanuna ziddir və mülkiyyətçilərə, istifadəçilərə mənfi təsir göstərən hallardır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin bu zonalar üzrə təsdiq edilmiş qaydalara əməl etməsinin vacibliyi vurğulanıb.

Forumda qeyd olunub ki, torpaq bazarı torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsi ilə bağlı yaranan hüquqi və iqtisadi münasibətlərdir. Torpaq bazarının, o cümlədən torpaq hərrac və müsabiqələrinin təşkili Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Bununla bağlı yeni sənəd nümunələri təsdiq edilib və qüvvəyə minib.

Torpaq bazarının təşkili bir sıra mühüm prinsiplərə əsaslanır. Bura torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburiliyi, bazar subyektlərinin hüquq bərabərliyi, torpaq inhisarçılığına yol verilməməsi aiddir.

İşgüzar forumda torpaq münasibətlərinin tənzimlənməsində mövcud çətinliklər də müzakirə olunub. Bildirilib ki, bəzi hallarda ərazinin planlaşdırılması və tikintisi layihələrinin tələbləri, habelə yeraltı və yerüstü  kommunikasiya xətlərinin mühafizə zonaları müvafiq qurumlar tərəfindən nəzərə alınmır.  Bu hallar isə sonradan yüksək gərginlikli elektrik xətlərinin, magistral boru kəmərlərinin və rabitə xətlərinin yerlərinin dəyişdirilməsi məcburiyyətini yaradır. Ölkə üçün strateji əhəmiyyət kəsb edən yeni kommunikasiya xətlərinin çəkilişində problemlərə səbəb olur və eyni zamanda mühafizə zonasına düşən evlərin sökülməsi zərurətini ortaya çıxarır. Bu hallar da nəticədə dövlət büdcəsindən əlavə maliyyə vəsaitinin xərclənməsinə səbəb olmaqla yanaşı, eyni zamanda vətəndaşların çoxsaylı müraciətlərinə zəmin yaradır.

Forum qarşılıqlı müzakirələrlə davam edib. Yekunda komitə ilə digər əlaqəli qurumların birgə fəaliyyəti istiqamətində həyata keçiriləcək zəruri tədbirlər nəzərdən keçirilib. Qeyd olunub ki, komitə ilə bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaqların dövlət idarəetməsi, səmərəli istifadə və nəzarət, torpaq bazarının təşkili sahəsinə öz töhfəsini verəcək. Effektiv idarəetmə metodlarının və müasir yanaşmaların kompleks tətbiqinə müsbət təsir göstərəcək. Torpaq münasibətlərinin tənzimlənməsində və mülkiyyət hüquqlarının təmin olunmasında dövlət və vətəndaş mənafelərinin qorunması təmin ediləcək.

Qeyd edək ki, belə Forumlar digər regionlarda da, o cümlədən Gəncə, Mingəçevir, Şamaxı, Şəki, Lənkəran, Beyləqan, Xaçmaz və Bakıda müntəzəm olaraq keçiriləcəkdir.