Əmlak Məsələləri Dövlət Komitəsinin son bir ildə getdikcə fəaliyyət dairəsini daha da genişləndirən sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası 7 avqust tarixində Balakən rayonunda xidmət göstərib. Artıq vətəndaşlar bu kampaniyadan “bir pəncərə” prinsipinin tətbiqi ilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün ilkin xidmətlərdən yararlana bilirlər. Balakəndə də təşkil olunan “kütləvi çıxarış” kampaniyası rayon sakinlərinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı həm sənədlərin qəbulu, hazır çıxarışların verilməsi və yerlərdə hüquqi yardım xidmətləri göstərib.

Kampaniya əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınmasını əhatə edir. Kampaniya ucqar kənd sakinlərinin, rayon, şəhər mərkəzlərinə gələ bilməyən vətəndaşların komitənin mobil ofislərində mülkiyyətə dair sənədlərini təqdim etməsini və çıxarış almasını təmin edir.

“Kütləvi çıxarış” kampaniyasının regionlarda təşkilinin başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir.

Qeyd edilməlidir ki, bilavasitə yerlərdə davamlı olaraq təşkil edilən bu kampaniya komitənin mobil ofis xidməti vasitəsi ilə keçirilir. “Kütləvi çıxarış“ kampaniyasından yararlanmaq üçün, artıq hər bir vətəndaşın daşınmaz əmlaklarını qeydiyyata aldırmaq üçün qanunvericiliyə uyğun olaraq “bir pəncərə”də müraciəti qəbul edilir.

 

Balakəndə həyata keçirilən kampaniya çərçivəsində bir sıra fiziki məhdudiyyətli vətəndaşlara birbaşa öz evlərindəcə qeydiyyat xidmətləri göstərilmşidir.

Kampaniya çərçivəsində ümumilikdə 550-ə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 300-ə yaxın rayon sakininə dövlət reyestrindən çıxarış verilib, 150-yə yaxın vətəndaşdan daşnmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib, 100-ə yaxın vətəndaşa hüquqi yardım xidmətləri göstərilib.

Kampaniyadan yararlanan vətəndaşlar qeydiyyatda “bir pəncərə” sistemindən, əlavə vaxt itkisinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər.

Qeyd edək ki, bu kampaniya komitənin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Eyni zamanda, bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən aylıq mobil ofis xidməti qrafiki yerləşdirilir. Maraqlanan vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir. İndiyədək kampaniya çərçivəsində ümumilikdə 4350-ə yaxın vətəndaşa xidmətlər göstərilib.

Qeyd edək ki, “bir pəncərə” prinsipinin tətbiqi kampaniya çərçivəsində ilk yenilik deyil. Belə ki, 8 aydır davam edən kampaniyada indəyədək bir neçə belə yeniliklər edilmiş və daha geniş formatda həyata keçirilmişdir. İlkin mərhələdə kampaniya zamanı yalnız çıxarışlar təqdim olunurdusa, növbəti yeniliklə həm də mülkiyyət barədə sənədlərin qəbuluna başlandı. Daha sonra kampaniyaya fiziki məhdudiyyətli olan mülkiyyət sahibləri də cəlb olundu. Kampaniyanın davamında kampaniyanın formatı daha da genişləndirildi. Növbəti yenilik isə kampaniya çərçivəsində hüquqi maarifləndirmə aksiyalarının keçirilməsi oldu. Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatında hüquqi tələblər, qeydiyyatın sosial-iqtisadi üstünlükləri çatdırıldı.

Bütün bu yeniliklər isə getdikcə kampaniyanın daha böyük əhali kütləsini özünə cəlb etməsinə səbəb olmaqdadır. Kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır. Qeydiyyat arealının genişlənməsinə, etibarlı və təhlükəsiz mülkiyyət sahiblərinin artmasına səbəb olur. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunmasını və vətəndaşların gəlir mənbəyinə çevrilməsini təmin edir.