Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi
şirkətlərin cəlb edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində beynəlxalq təcrübədən istifadə olunması, özəlləşdirmə sahəsində aşkarlığın təmin edilməsi, Azərbaycan Respublikasının iqtisadiyyatına xarici investisiyaların gətirilməsi şəraitinin yaxşılaşdırılması və bu prosesə beynəlxalq aləmdə tanınmış və müəyyən nüfuza malik olan məsləhətçi şirkətlərin cəlb olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında iri dövlət müəssisələrinin özəlləşdirilməsində hüquq, maliyyə və kommersiya məsləhətçisi kimi beynəlxalq aləmdə tanınmış və müəyyən nüfuza malik olan məsləhətçi şirkətlərin xidmətlərindən istifadə olunmasına icazə verilsin.

2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, iri dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinə hüquq, maliyyə və kommersiya məsləhətçisi kimi beynəlxalq məsləhət şirkətlərinin cəlb edilməsinin şərtləri barədə həmin şirkətlərlə danışıqlar aparsın və müvafiq müqavilələri hazırlayıb imzalasın.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLIYEV.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 1999-cu il.

№ 78.