İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakından səmərəli istifadə olunması, özəlləşdirilməyə açıq elan olunmuş dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, o cümlədən nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydaları və standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq nəzarət səhm zərfi tamamilə dövlətə məxsus olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-də Ümumi Yığıncağın səlahiyyətlərini həyata keçirən Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq sərəncamı ilə zavodun nizamnaməsinə bir sıra dəyişikliklər edilib. Belə ki, cəmiyyətin sədrinin səlahiyyətləri kollegial icra orqanı olan İdarə Heyətinə ötürülüb, habelə müəssisəyə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurası institutu yaradılıb.
Məqsəd dövlət əmlakının səmərəli istifadə olunması, qərarların kollegial olaraq qəbul edilməsi, fəaliyyətə edilən nəzarətin təkmilləşdirilməsidir.
“Suraxanı Maşınqayırma Zavodu” ASC-nin Müşahidə Şurasının ilk iclasında cəmiyyətin yeni idarəetmə strukturu, idarəetmə orqanlarının səlahiyyət bölgüləri və vəzifələri, korporativ idarəetmə sahəsindəki müasir çağırışlar, müəssisənin səmərəli fəaliyyətinin təşkili üçün atılacaq addımlar geniş müzakirə edilib.
İclas başa çatdıqdan sonra zavodun istehsalat sahəsinə, texnoloji parkına və hazır məhsullarına birlikdə baxış keçirilib.