Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-fevral ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 25,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən  2024-cü ilin yanvar-fevral ayları ərzində 10 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 98 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin yanvar-fevral ayları ərzində  hərraca çıxarılmış dövlət əmlakı üzrə 119 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 17 onlayn qoşulma reallaşıb.

Cari ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-fevral ayları ərzində 78-i qeyri-yaşayış, 375-i isə torpaq sahələri üzrə olmaqla 453 yeni icarə müqaviləsi bağlanılıb. 

2024-cü ilin ilk 2 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 7,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 21% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 25,7 milyon manat vəsait daxil olub.