Hərraca çıxarılan dövlət əmlakları barədə elan hərrac gününə ən azı 30 gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) yerləşdirilir. Özəlləşdirmə portalında (www.privatization.az) hərraca çıxarılmış dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən məlumat və fotolarla tanış olmaq mümkündür. Özəlləşmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər. Hərrac günü sifarişçilər həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracda iştirak edir.

Hərracda təklifin verilməsi

Hərracçı tərəfindən əyani və ya onlayn olaraq sifariş verilən əmlaklar barəsində məlumat verilir və start qiymət elan olunur. İlkin satış qiyməti elan olunduqdan sonra heç bir iştirakçı tərəfindən təklif verilməsə, hərrac baş tutmamış sayılır. Bir nəfər sifarişçi olduqda, həmin şəxs hərracçı tərəfindən elan edilən təklifə razılıq bildirərsə, o hərracın qalibi elan olunur. Hərrac rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətinə əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Məsələn, ilkin satış qiyməti 5.000 manat olan dövlət əmlakına təklif minimum 50 manat təşkil edir.