Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. 

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi və 6 nəfərdən ibarət Apellyasiya Şurasına komitənin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.
İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurası müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaqdır.