Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 30 aprel 2016-cı il tarixində İsmayıllıda növbəti vətəndaş qəbulu keçirib. Komitə sədri İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib. 

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edib. Əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid olan vətəndaş müraciətləri əsasən fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması məsələlərini əhatə edib. Qəbulda iştirak edənlərin bir qismi pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edib.

Qəbulda həmçinin torpaq sahələrinin təyinatı, kateqoriyası ilə bağlı rəylərin alınması, bir kateqoriyadan digərinə keçirilməsi, torpaqlardan təyinatına uyğun istifadə, torpaq hərraclarında iştirak məsələləri barədə də müraciətlər səsləndirilib. Bəzi müraciətlər isə vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olub.

Komitə sədrinin dərhal verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər qəbul günü həllini tapıb. Bəzi vətəndaş müraciətləri araşdırma tələb etdiyi üçün qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi vətəndaşlara bildirilib. Bir sıra müraciətlərin vətəndaşların iştirakı ilə araşdırılması məqsədilə komitə sədri tərəfindən tapşırıqlar verilib. Qəbulda iştirak edən hər kəsə onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb.

Bütün müraciətlərə baxdıqdan sonra komitə sədri diqqətə çatdırıb ki, vətəndaşların belə sorğularını nəzərə alaraq komitənin hər bir ərazi qeydiyyat idarəsində yeni hüquqi məsləhət xidmətlərinə başlanıb və hazırda davam etdirilir. İstənilən vətəndaş hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmənnasız olaraq hüquqi yardım ala bilər. Komitənin hüquqşünasları və ekspertləri vətəndaşın qeydiyyatla bağlı istənilən sualını, o cümlədən yeni əmlakların qeydiyyata alınması, hüquqi sənədlərin tələblərə uyğunluğu ilə bağlı məsələlər barədə müraciətini cavablandırır və ona hüquqi istiqamət verir. Beləcə vətəndaş əvvəlcədən bütün prosedur barədə məlumatlanmış olur və əlavə vaxt itkisinə məruz qalmır. Komitə sədri bu xidmətdə başlıca məqsədin vətəndaşları maarifləndirmək, onların hüquqi biliklərini artırmaq və bu prosesdə qarşılaşa biləcəkləri hər hansı çətinlik və ya vaxt itkisinin qarşısını əvvəlcədən almaq olduğunu bildirib.

Torpaqların mühafizəsi və istifadəsi məsələlərinə toxunan komitə sədri torpaqların hüquqi rejimi, təyinatı və kateqoriyası ilə bağlı hüquqi tələblərin  qorunmasının zəruriliyini nəzərə çatdırıb. Bildirilib ki, torpaq qanunvericiliyinin pozulması hallarının qarşısını almaq məqsədilə komitə tərəfindən mütəmadi monitorinqlər və reydlər keçirilir. Torpaqların zəbt olunması, təyinatına və hüquqi rejiminə zidd istifadəsi, özbaşına tikintilər, torpaq üzərində mülkiyyət, icarə, istifadə hüquqlarının pozulması, torpaq münbitliyinin korlanması halları ilə bağlı hüquqi tədbirlər görülür. Belə addımların nəticəsində torpaqların yenidən iqtisadi dövriyyəyə qaytarılması və torpaqlardan daha səmərəli və qənaətli istifadəsi təmin ediləcək.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.