Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram: 
1. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 
2. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar” təsdiq edilsin (əlavə olunur). 
3. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 
4. Keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin bazasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi yaradılsın. 
5. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və onun strukturuna daxil olan dövlət orqanlarının işçilərinin say həddi 726 ştat vahidi, o cümlədən Dövlət Komitəsi aparatı işçilərinin say həddi 260 ştat vahidi, ərazi şöbələrinin işçilərinin say həddi 315 ştat vahidi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının işçilərinin say həddi 71 ştat vahidi müəyyən edilsin. 
7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 
7.1. on gün müddətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və onun strukturuna daxil olan qurumların cari il üçün maliyyə təminatı ilə bağlı məsələlərini həll etsin; 
7.2. bir ay müddətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təkliflərini nəzərə almaqla Komitənin tabeliyində olan qurumların fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görsün; 
7.3. iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması və dövlət əmlakının idarə edilməsi, habelə daşınmaz əmlaka dair hüquqların qeydiyyatını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
7.4. bir ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 
7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 
8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, Komitənin tabeliyində hüquqi şəxs statuslu Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzini, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzini təsis etsin və nizamnamələrini təsdiq etsin. 
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində yaradılacaq Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin dövlət qeydiyyatına alınmasını təmin etsin. 
10. Qanunvericiliyə uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına tapşırılsın ki, onlarda olan kadastr məlumatlarını hər rüb Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etsinlər. 
11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, daşınmaz əmlakın vahid kadastrının müvafiq məlumatlarını hər rüb qanunvericiliklə müəyyən edilmiş qaydada ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına təqdim etsin. 
12. “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 286 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 718; 2006-cı il, № 1, maddə 11, № 5, maddə 409; 2007-ci il, № 6, maddə 606; 2008-ci il, № 11, maddə 970) 1-ci, 6-cı və 7-ci bəndləri və “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1008; 2006-cı il, № 2, maddə 88; 2007-ci il, № 6, maddə 606; 2008-ci il, № 11, maddə 970) qüvvədən düşmüş hesab edilsin. 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 24 iyun 2009-cu il.
 
Azərbaycan Respublikası Prezidentinin 
2009-cu il iyun tarixli 116 nömrəli 
Fərmanı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında 
Ə S A S N A M Ə

I.Ümumi müddəalar

1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi (bundan sonra-Mərkəz) özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını və bununla bağlı digər tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.
2.Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərancamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynalxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
3.Mərkəz bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özenüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4.Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5.Mərkəzin saxlanma xərcləri Azərbaycan Respublikasının dovlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6.Mərkəz Bakı şəhərində yerləşir.

II.Mərkəzin fəaliyyət istiqamətləri

7.Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1.özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyyətlərinin səhmlərinin dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirir;
7.2.qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III.Mərkəzin vəzifələri

8.Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1.özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışı ilə bağlı normativ tənzimləmənin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;
8.2.özəlləşdirilən müəssisə və obyektlər, habelə səhmləri satışa çıxarılan səhmdar cəmiyyətləri barəsində fiziki və hüquqi şəxslərə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat vermək;
8.3.qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslər tərəfindən ixtisaslaşdırılmış çek hərraclarında iştirak etmək üçün verilən sifarişləri qəbuk etmək, alıcıların bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakını təmin etmək;
8.4.fiziki və hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin müəyyən edilmiş qaydada və müddətdə hərrac komissiyasına çatdırılmasını təmin etmək;
8.5.özəlləşdirmə prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunmasına nəzarət etmək, habelə səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətlərinin əmək kollektivi üzvlərinə güzəştli satışı zamanı bərabər, sağlam rəqabət mühitini, aşkarlıq şəraitini, ictimai nəzarəti, sosial ədalət, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğunluğu təmin etmək;
8.6.hərracların, habelə səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarını rəsmiləşdirmək məqsədilə müvafiq sənədləri aidiyyəti üzrə təqdim etmək;
8.7.hərracların yekunları ilə bağlı, o cümlədən hərraclarda səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarına dair fiziki və hüquqi şəxslərə, əmək kollektivi üzvlərinə, habelə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və müvafiq dövlət orqanlarına məlumat və bidirişlər vermək;
8.8.hərraclarda, o cümlədən səhmlərin (payların) əmək kollektivinə güzəştli satışına dair bütün məlumatların elektron və kağız şəklində saxlanılmasını təmin etmək; 
8.9.sifarişləri ödənilməyən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş özəlləşdirmə çeklərinin və pulların geri qaytarılması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq təqdimatlar vermək;
8.10.dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışını təşkil etmək;
8.11.müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışını təşkil etmək;
8.12.qanunvericiliyə uyğun olaraq hərrac haqqında və hərracın nəticələrı barədə məlumatın ”Mülkiyyət” qəzetində dərc olunması və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin internet saytında yerləşdirilməsi üçün aidiyyəti üzrə təqdim etmək;
8.13.fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV.Mərkəzin hüquqları

9.Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara mallikdir:
9.1.dövlət əmlakının özəlləşdirilməsinin dovlət proqramının icrası barədə müəyyən olunmuş qaydada hesabatın hazırlanmasında iştirak etmək;
9.2.Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilən qaydada dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.3.fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;
9.4.müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.5.qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
9.6.fəaliyyət istiqamətlərini uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V.Mərkəzin fəaliyyətinin təşkili

10. Mərkəzin strukturuna onun aparatı və zona bölmələri daxildir.
11.Mərkəzə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.
12.Direktor Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
13.Mərkəzin direktorunun Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.
14.Mərkəzin direktoru:
14.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2.müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;
14.3.Mərkəzin direktor müavinləri və Mərkəzin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Mərkəzin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.4.Mərkəzin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;
14.5.işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
14.6.bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Mərkəzi təmsil edir;
14.7.Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;
14.8.Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
15.Mərkəzin direktorunun, direktor müavinlərinin və işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və xidmətlərinin rəhbərlərinin, rəhbər müavinlərinin və işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.