I. Ümumi müddəalar
  1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə və qüvvədə olan normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmışdır və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (bundan sonra - Mərkəz) Müsadirə edilmiş əmlakın satışı üzrə hərracların təşkili şöbəsinin (bundan sonra – şöbə) əsas fəaliyyət istiqamətlərini, vəzifələrini, habelə işinin təşkili qaydalarını və işçilərin məsuliyyətini müəyyən edir.
  2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarını, Komitə sədrinin qərar, əmr və sərəncamlarını, Mərkəzin direktorunun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
  3. Şöbə Mərkəzin struktur bölməsi olmaqla Mərkəzin direktoruna tabedir və öz işini Mərkəzin digər struktur və zona bölmələri ilə qarşılıqlı əlaqədə qurur.

 

 

II. Şöbənin əsas fəaliyyət istiqamətləri

  1. Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

  4.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın, müəyyən        olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclar vasitəsi ilə satışını təşkil etmək və bununla bağlı tədbirləri həyata keçirmək. 

 

III. Şöbənin əsas vəzifələri

  1. Şöbənin əsas fəaliyyət istiqamətlərindən irəli gələn aşağıdakı vəzifələri vardır:

  5.1-1.  müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin qanunvericiliklə müəyyən edilmiş hallarda təhvil götürmək;

  5.2.  hərracların təşkil olunması üçün kütləvi informasiya vasitələrində elanların dərc edilməsini təmin etmək;

  5.3. hüquqi və fiziki şəxslər tərəfindən hərraclarda iştirak etmək üçün verilən sifarişləri, o cümlədən elektron xidmət vasitəsilə verilən sifarişləri qəbul etmək;

  5.4. hüquqi və fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin müəyyən edilmiş qaydada və vaxtda Müsadirə edilmiş əmlakın satışı üzrə daimi hərrac komissiyasına çatdırılmasını təmin etmək;

  5.5. hərracda iştirak edib qalib gəlməyən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə əlaqədar müvafiq tədbirlər görmək;

  5.6. əmlakın satışından əldə olunan vəsaitin aidiyyəti üzrə ödənilməsini təmin etmək;

  5.7 hərracda satılmış əmlakların hərracın qaliblərinə təhvil verilməsini təmin etmək;

  5.8. hərracın nəticəsi barədə məlumatın Maliyyə Nazirliyinə verilməsini, Komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunması və Mərkəzin internet saytında yerləşdirilməsini təmin etmək;

  5.9. müsadirə edilmiş əmlakın satışına dair məlumatların elektron və kağız şəkilində saxlanılmasını təmin etmək;

  5.10. müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın təhvil götürülməsi, hərraca çıxarılması, satışının Mərkəzin zona bölmələri ilə əlaqəli şəkildə təşkil etmək.

 

IV. Şöbənin işinin təşkili

  1. Şöbə Komitə sədrinin əmri ilə yaradılır və ləğv edilir.
  2. Şöbəyə Komitə sədri tərəfindən vəzifəyə təyin edilən şöbə müdiri rəhbərlik edir.
  3. Şöbə müdiri aşağıdakı məsələlərin həllini təmin edir:

  8.1. şöbənin qarşısında qoyulmuş vəzifələrin icrasını təmin edir;

  8.2.  şöbənin işinə rəhbərlik edir;

  8.3. şöbənin işçiləri tərəfindən əmək intizamına və öz vəzifələrinin vaxtında və düzgün icra edilməsi üzərində nəzarəti həyata keçirir;

  8.4  şöbənin işçilərinə göstəriş və tapşırıqlar verir;

  8.5. şöbənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə təkliflər verir;

  8.6. rəhbərliyin yanında keçirilən tədbirlərdə  və digər tədbirlərin keçirilməsi zamanı şöbəni təmsil edir;

  8.7. şöbənin işçiləri arasında iş bölgüsü aparır.

 

 V. Şöbənin işçilərinin məsuliyyəti

 

  1. Şöbə müdiri onun qarşısında qoyulmuş vəzifələrin vaxtında və tam icrasına görə şəxsən məsuliyyət daşıyır.
  2. Şöbənin hər bir işçisi hazırladığı, ekspertizadan keçirdiyi və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarına, Komitə sədrinin qərar, əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.