Azərbaycan Respublikası Əmlak Məsələləri

                                                                                                                                              Dövlət Komitəsinin  “01” mart 2017-ci il

                                                                                                                                              tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

I.Ümumi müddəalar
1.1.Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə və qüvvədə olan normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmışdır və Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – Komitə) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (bundan sonra - Mərkəz) Bələdiyyə torpaqlarının hərraclarının təşkili şöbəsinin (bundan sonra  – şöbə) əsas fəaliyyət istiqamətlərini, vəzifələrini, habelə işinin təşkili qaydalarını və işçilərin məsuliyyətini müəyyən edir.
1.2.Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarını, Komitə sədrinin qərar, əmr və sərəncamlarını, Mərkəzin direktorunun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.   
1.3.Şöbə Mərkəzin struktur bölməsi olmaqla Mərkəzin direktoruna tabedir və öz işini Mərkəzin digər struktur bölmələri ilə qarşılıqlı əlaqə qurur.

II.Şöbənin əsas fəaliyyət istiqamətləri
2.1.Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsini təmin etmək.

III. Şöbənin əsas vəzifələri

3. Şöbə özünün əsas fəaliyyət istiqamətlərindən irəli gələn aşağıdakı vəzifələri yerinə yetirir:

3.1. bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsini təşkil etmək;

3.2. respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Torpaq müsabiqə və hərrac komissiyalarının (bundan sonra-Komissiya) fəaliyyətini təşkil etmək;

3.3. bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə əlaqədar daxil olan sənədlərin komitənin müvafiq struktur bölmələri ilə birgə ekspertizasının aparılmasını təmin etmək;

3.4. bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsinin təmin edilməsi məqsədilə əmr layihəsinin hazırlanması və elanın Komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmasını və  Mərkəzin internet saytında yerləşdirilməsini təmin etmək;

3.5. bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsini təşkil etmək;

3.6. fiziki və hüquqi şəxslər tərəfindən müsabiqə və ya hərraclarda iştirak etmək üçün verilən sifarişləri qəbul etmək;

3.7. qalib alıcılara hərrac protokollarının verilməsini  təmin etmək;     

3.8. müsabiqə və ya hərracların təşkilatçıları ilə bələdiyyələr arasında alqı-satqı müqavilələrinin vaxtında bağlanılmasına nəzarət etmək;

3.9. bələdiyyə mülkiyyətində olan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verildikdə, müsabiqə və ya hərracların nəticələrinə əsasən komissiyalara təqdim edilmiş şəhadətnamələrin reyestrini aparmaq;

3.10. müsabiqə və ya hərracların təşkilatçıları ilə bələdiyyələr arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra mükafat haqqının müvafiq hesaba ödənilməsinə nəzarət etmək;

3.11. komissiyalar tərəfindən keçirilmiş müsabiqə və ya hərraclarda mülkiyyətə və ya icarəyə verilən bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində nəticələri və müsabiqə və ya hərrac sənədlərini qəbul etmək;

3.12. keçirilmiş müsabiqə və ya hərraclarda mülkiyyətə və ya icarəyə verilən bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində Mərkəzin zona bölmələrindən hesabatları qəbul etmək;

3.13. alıcı və sifarişçilərin keçirilən müsabiqə və ya hərraclarda bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakını təmin etmək;                       

3.14. müsabiqə və ya hərracların yekunları haqqında məlumatların reyestrini aparmaq, onların elektron daşıyıcılarında saxlanılmasını və komitənin müvafiq struktur bölmələrinə təhvil verilməsini təmin etmək.

 

IV. Şöbənin işinin təşkili

4.1. Şöbə Komitə sədrinin əmri ilə yaradılır və ləğv edilir.

4.2. Şöbəyə Komitə sədri tərəfindən vəzifəyə təyin edilən şöbə müdiri rəhbərlik edir.

4.3. Şöbə müdiri aşağıdakı məsələlərin həllini təmin edir:

4.3.1. şöbənin qarşısında qoyulmuş vəzifələrin icrasını təmin edir;

4.3.2. şöbənin işinə rəhbərlik edir;

4.3.3. şöbənin işçiləri tərəfindən əmək intizamına və öz vəzifələrinin vaxtında və düzgün icra edilməsi üzərində nəzarəti həyata keçirir;

4.3.4. şöbənin işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar verir;

4.3.5. şöbənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə təkliflər verir;

4.3.6. rəhbərliyin yanında keçirilən tədbirlərdə  və digər tədbirlərin keçirilməsi zamanı şöbəni təmsil edir;

4.3.7. şöbənin işçiləri arasında iş bölgüsü aparır.

4.4. Şöbə müdiri olmadıqda onu müavini əvəz edir.

 

V. Şöbənin işçilərinin məsuliyyəti

5.1. Şöbə müdiri onun qarşısında qoyulmuş vəzifələrin vaxtında və tam icrasına görə şəxsən məsuliyyət daşıyır.

5.2. Şöbə müdirinin müavini müəyyən edilmiş istiqamətlər üzrə qoyulmuş vəzifələrin icrasına görə məsuliyyət daşıyır.

5.3. Şöbənin hər bir işçisi hazırladığı, ekspertizadan keçirdiyi və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarına, Komitə sədrinin qərar, əmr və sərəncamlarına, Mərkəz direktorunun əmrlərinə uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.