I. Ümumi müddəalar
  1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə və qüvvədə olan normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmışdır və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (bundan sonra - Mərkəz) zona bölmələrinin (bundan sonra – bölmə) əsas fəaliyyət istiqamətlərini, vəzifələrini, habelə işinin təşkili qaydalarını və işçilərin məsuliyyətini müəyyən edir.
  2. Bölmə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarını, Komitə sədrinin qərar, əmr və sərəncamlarını, Mərkəzin direktorunun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
  3. Bölmə Mərkəzin struktur bölməsi olmaqla Mərkəzin direktoruna tabedir və öz işini Mərkəzin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur.

 

 

II. Bölmənin əsas fəaliyyət istiqamətləri

4. Bölmənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

4.1. özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satışını təşkil etmək;

4.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının təhvil götürülməsi ilə bağlı tədbirləri həyata keçirmək;

4.3. özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin (kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış  sahələri, tikintisi başa çatdırılmamış obyektlər), eləcə də özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsinin təmin edilməsində iştirak etmək;

4.4. özəlləşdirmə prosesində dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışının keçirilməsində iştirak etmək.

 

 

III. Bölmənin əsas vəzifələri

5. Bölmənin əsas fəaliyyət istiqamətlərindən irəli gələn aşağıdakı vəzifələri vardır:

5.1. Komitə sədrinin müvafiq sərəncamı ilə müəyyən olunmuş vaxt və müddətlərdə səhmdar cəmiyyətlərin səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satışını təşkil etmək;

5.2. fiziki və hüquqi şəxslər tərəfindən ixtisaslaşdırılmış pul hərraclarında iştirak etmək üçün verilmiş I və II növ sifarişlərin, onlara əlavə edilmiş sənədlərin və pul vəsaitinin qeydiyyata alınmasını təmin etmək;

5.3. fiziki və hüquqi şəxslər tərəfindən verilmiş sifarişlər üzrə qəbul edilmiş pul vəsaitlərinin  Mərkəzin kassasına təhvil verilməsini təmin etmək;

5.4. hərrac qaliblərinə bildirişlərin verilməsini təmin etmək;

5.5. sifarişçilərin keçirilən hərraclarda bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakını təmin etmək;

5.6. müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın “Qəbul-Təhvil” və “Qaimə-Faktura” əsasında təhvil götürülərək saxlanılmasını təmin etmək;

5.7. dövlət müəssisə və obyektlərinin (kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış  sahələri, tikintisi başa çatdırılmamış obyektlər), eləcə də özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satışı məqsədilə hərracların təşkilində iştirak etmək;

5.8. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsində iştirak etmək;

5.9. iştirakçıların hərraclarda sağlam rəqabət mühitində, bərabərlik və aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakını təmin etmək;

5.10. dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və kiçik dövlət müəssisələrinin əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışının keçirilməsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat əldə etmək;

5.11. səhmdar cəmiyyətlərinin özəlləşdirmə komissiyalarının sədrlərini və kiçik dövlət müəssisələrinin əmək kollektivi üzvlərini (vəkil edilmiş şəxsi) güzəştli satışının keçirilməsi haqqında məlumatlandırmaq, müvafiq qaydalar və formalarla təmin etmək;

5.12. səhmdar cəmiyyətlərinin səhmlərinin və kiçik dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə güzəştli satışı prosesinin aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsipləri əsasında həyata keçirilməsinin təmin edilməsində iştirak etmək.



IV. Bölmənin işinin təşkili

6. Bölmə Komitə sədrinin əmri ilə yaradılır və ləğv edilir.

7. Bölməyə Komitə sədri tərəfindən vəzifəyə təyin edilən sektor müdiri rəhbərlik edir.

8. Sektor müdiri aşağıdakı məsələlərin həllini təmin edir:

8.1. bölmənin qarşısında qoyulmuş vəzifələrin icrasını təmin edir;

8.2. bölmənin işinə rəhbərlik edir;

8.3. bölmənin işçiləri tərəfindən əmək intizamına və öz vəzifələrinin vaxtında və düzgün icra edilməsi üzərində nəzarəti həyata keçirir;

8.4 bölmənin işçilərinə göstəriş və tapşırıqlar verir;

8.5. bölmənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə təkliflər verir;

8.6. rəhbərliyin yanında keçirilən tədbirlərdə  və digər tədbirlərin keçirilməsi zamanı bölməni təmsil edir;

8.7. bölmənin işçiləri arasında iş bölgüsü aparır.

                                                                                               V.  Bölmənin işçilərinin məsuliyyəti


9. Sektor müdiri onun qarşısında qoyulmuş vəzifələrin vaxtında və tam icrasına görə şəxsən məsuliyyət daşıyır.                                                                                                                   10.Bölmənin hər bir işçisi hazırladığı, ekspertizadan keçirdiyi və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarına, Komitə      sədrinin qərar, əmr və sərəncamlarına, Mərkəz direktorunun əmrlərinə uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.