Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı müvafiq tapşırıqlar verir. Əmlak Məsələləri Dövlət Komitəsi də müvafiq qanunvericiliyə uyğun olaraq torpaqlardan təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət edilməsi, torpaqların əsassız zəbt olunması, mühafizə zonaları ilə bağlı pozuntuların və qanunsuz tikintilərin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini gücləndirir.

İlk olaraq qeyd edilməlidir ki, dövlət əmlakının icarə müqaviləsi olmadan, yəni qeyri-rəsmi olaraq icarəyə verilməsi dövlət əmlakının qeyri-səmərəli istifadəsi deməkdir. Zəbt olunma halı isə dövlət əmlakının qeyri-qanuni zəbt olunaraq şəxsi və sahibkarlıq məqsədləri üçün istifadə etməsi və əlavə olaraq tikintilər aparılması kimi işlər başa düşülür.

Komitə tərəfindən respublika ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydlər keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.

Cari il ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 673 hal üzrə inzibati protokollar tərtib edilib, 655 min manata yaxın cərimə tətbiq olunubdur. 673 hal üzrə inzibati protokoldan 35-i Bakının, 638-i isə regionların payına düşür. Inzibati protokollar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin İnzibati Xətalar Məcəlləsinin 244-248, 250-251 maddələrində qeyd olunan halların pozulmasına görə yazılır. Zəbt olunma Cinayət Məcəlləsi ilə tənzimlənir.

Belə monitorinqlər Komitənin torpaq sahələrinə nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir. Aparılmış monitorinqlərdə məlum olur ki, bəzi hallarda torpaqlar təyinatına uyğun istifadə edilmir, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil,  istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır.

Torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması hallarına rast gəlinir ki, bu da torpaqların eroziyaya uğramasına səbəb olur. Son nəticədə, torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır.

Bir sıra hallarda isə vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar. Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərinin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

Xatırladaq ki, torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Qeyd edilməlidir ki, torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə  maarifləndirmə və izahat işləri aparılır.

Belə tədbirlərin məqsədi torpaqlardan istifadə və sahilboyu torpaq sahələrində mülkiyyətçilərin, dövlətin və vətəndaşların hüquqlarının daha səmərəli təmin olunmasıdır. Bununla torpaqların məqsədli dövriyyəsinə qaytarılması, təyinatına zidd istifadədə olan torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin edilir.