Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən paytaxt və regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid müəssisələrin özəlləşdirilməsi, investisiyaların cəlb edilməsi, fəaliyyətlərinin müasir standartlar səviyyəsində yenidən qurulması, özəlləşdirilmiş müəssisələrdə rəqabətə davamlı malların istehsalı istiqamətində ardıcıl tədbirlər görülür. Bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir. Bu məqsədlə. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Komitə “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.

İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həlli idi.

Müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunmuşdur. Komissiyanın qərarına əsasən iddiaçılar iştirakçı statusunu əldə etmişdir.

Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə  fiziki şəxsi “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan etmişdir.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət büdcəsinə 500 min manat məbləğində vəsaitinin köçürülməsini təmin etmişdir. Habelə İnvestisiya Proqramına əsasən, 18  ay ərzində müəssisəyə 844 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürmüşdür. Nəzərdə tutulan investisiya qoyuluşları müəssisənin ərazisindəki yararsız və qəzalı vəziyyətdə olan tikililərin demontajına, istehsal korpusları və inzibati binada yenidənqurma və təmir işlərinin aparılmasına, xırdalanmış mərmər ovuntuları sexinin qurulmasına yönəldiləcək. Habelə həmin investisiyalar taxıl (silos) və logistika anbarlarının qurulmasına, avadanlıq, texnika, maşın-mexanizm və xammalın alınmasına xərclənəcək. Eyni zamanda, nəzərdə tutulan investisiyalar müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması (işıq, su və s.) və ərazinin abadlaşdırılmasına sərf ediləcəkdir.

Görüləcək işlər nəticəsində müəssisədə 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur. 

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi respublikanın müxtəlif regionlarında yerləşən qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirilmədən sonra istehsal proseslərinin genişləndirilməsi istiqamətində işlərini davam etdirəcək.