Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, hərracları internet vasitəsilə onlayn izləmək imkanı investorların hərraclarda iştirakını daha da sadələşdirib. Bu prosesə qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. 

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 24 oktyabr tarixində  keçirilib. Hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 8 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış sahəsi ilkin start qiymətindən daha yüksək qiymətə özəlləşdirilib. Belə ki, ümumi faydalı sahəsi 17,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olmasına baxmayaraq ən son 5 min 500 min manata özəlləşdirilib. Qeyd edilməlidir ki, qeyri-yaşayış sahələrindən 2-i paytaxtın Suraxanı, 2-i Sabunçu digərləri isə müvafiq olaraq Nəsimi, Nərimanov, Binəqədi, Yasamal rayonlarında yerləşir.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələləri Sumqayıt və Naftalan şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisəsiləri sənaye sahəsində əlverişli hesab edilir. Belə ki, ümumi faydalı sahəsi 105,3 kv.m olan Naftalan qənd istehsalı müəssisəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Sumqayıt şəhərində yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsi də xidmət sahəsində sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 78,8 kv.m təşkil edir.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar hərracda cəlb ediciliyi yüksəltməklə daha çox investor marağını artırır.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Özəlləşdirilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. Belə ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 31 oktyabrda keçiriləcəkdir.