Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər” haqqında Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi respublika ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması, torpaq analizlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində bir sıra innovativ tədbirlər həyata keçirir. Bu işlər Komitənin nəzdində fəaliyyət göstərən stasionar və mobil torpaq, bitki laboratoriyaları vasitəsilə həyata keçirilir. Belə ki, Mobil laboratoriyalar birbaşa kəndlinin, fermerin, əkin biçin işi ilə məşğul olunan təsərrüfatlarında xidmət göstərməklə operativ qaydada torpaqların keyfiyyət göstəricilərini və məhsuldarlığı müəyyən edir, o cümlədən torpaq münbitliyinin artırılmasına dair fərdi qaydada tövsiyələrini verir. Bunun nəticəsində isə fermerlər əkin sahələrinin yararlı olub olmamasını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə bilirlər.

Bu dəfə mobil laboratoriyalar 8 noyabr tarixində Neftçalada xidmət göstərib. Rayonunun əkin yerlərində, pambıq və taxıl sahələrində torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilib. Mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlıq dərəcələri, analizlər nəticəsində torpağın “qida rasionu” müəyyənləşdirilib. Torpaqların ən vacib göstəriciləri, onların morfoloji xüsusiyyətləri yəni nəmliyi, ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, temperaturu və s. təyin olunub. Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvü gübrələrdən nə qədər həcmdə verilməsi müəyyənləşib. Kəndlilər aparılan torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə operativ olaraq, elə həmin gün məlumat alıblar. Bu xidmətin bilavasitə yerlərdə göstərilməsi fermerlərin işini yüngülləşdirməklə, onların daha optimal və operativ qaydada xidmətdən yararlanmasına şərait yaradıb. Nəticədə kəndlilər vaxtlarına qənaət etmiş olmaqla zamanını düzgün planlaşdıra bilirlər. Eyni zamanda bu, fermerlərin torpaqlardan səmərəli istifadə etməsinə, məhsuldarlığın xeyli artmasına imkan verəcək. Bundan başqa fermerlər məhsuldarlığı artırmaq üçün həyata keçirəcəyi aqrokimyəvi tədbirlərə, suvarma sisteminə xərcləyəcəyi vəsaitə qənaət edərək maliyyə resurslarını düzgün idarə edəcəklər. Qeyd edilməlidir ki, xidmətdən istənilən ucqar kənd yerlərində fəaliyyət göstərən fermerlər faydalana bilirlər.

Qeyd edilməlidir ki, ilkin olaraq ərazidə olan zaman çöl şəraitində torpaqlardan xüsusi qurğu vasitəsilə nümunə götürülür. Həmin nümunə kölgədə, havada qurudulur. Mobil laboratoriyada təchiz edilmiş elektron torpaq döyən maşında torpaq nümunəsi döyülür. Diametrləri müxtəlif olan elektron ələk dəsti aparatında avtomatik ələnir, xüsusi paketlərdə müxtəlif analizlər üçün hazırlanır. Mobil laboratoriyada olan elektron tərəzilərdən (texniki və analitik) istifadə edərək, az vaxtda istənilən nəticəni əldə etmək olar.

Mobil laboratoriyalar müasir tələblərə cavab verən, mütərəqqi texnologiyalarla təchiz edilib. Torpaqların hiqroskopik nəmliyi elektron cihaz vasitəsilə qısa müddətdə təyin olunur. Standart metodikalara əsaslanaraq torpağın fiziki-kimyəvi tərkibindən əlavə olaraq torpaqda olan qida maddələrinin (Azot, fosfor, kalium) keyfiyyət göstəricilərini də öyrənməyə imkan verir. Məsələn, laboratoriyaya daxil olan pH-metr avadanlığı ilə torpaqların mühiti öyrənilir ki, bu da həmin torpaqda hansı kənd təsərrüfatı bitkilərinin əkilməsi zərurətini önə çəkir. Müasir tələblərə cavab verən yeni laboratoriyalar torpaqların şorlaşma dərəcəsini, tiplərini və qrunt sularının minerallaşma dərəcələrini təyin edir, həmçinin onlardan düzgün və səmərəli istifadə edilməsinə şərait yaradır.

Qeyd edilməlidir ki, Komitə tərəfindən 2017–ci ildən başlayaraq Mobil laboratoriyanın köməkliyi ilə, müraciətlər əsasında torpaq mülkiyyətçilərinə, icarədarlara mobil xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Mobil laboratoriyalar vasitəsilə cari il ərzində paytaxtın Xəzər rayonunda, Salyan, Saatlı, Siyəzən, Sabirabad, Zaqatala, Ağsu, Oğuz bölgələrindəki bir çox ərazilərdə tədqiqat işləri aparılıb, həmin ərazilərin torpaq və bonitirovka xəritələri tərtib edilərək şifarişçilərə təhvil verilib.

Mülkiyyətlərində olan torpaq sahələrinin keyfiyyəti haqqında daha əsaslı məlumat almaq istəyən kənd təsərrüfatı sahəsində çalışan torpaq adamları Komitəyə müraciət edərək torpaqların keyfiyyəti, onların problemləri və bu problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər barədə tövsiyyələrdən yararlana bilərlər.